Artıq bir müddətdir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi kameralar vasitəsi ilə də həyata keçirilir. Mərhələ ilə bu tədbirlər daha mütəşəkkil və təkmilləşdirilmiş qaydada təşkil ediləcək.
İnzibati tədbirlərlə yanaşı, Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən, dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də davam etdirilir. Bu çərçivədə paytaxtın müxtəlif ərazilərində, xüsusən də dayanma və durma qaydalarının pozulması hallarının daha çox rast gəlindiyi küçə və prospektlərdə maarifləndirmə xarakterli lövhələr vurulub.
Bir daha avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırılır ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl edilməlidir:
“Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır. Bu kimi qayda pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri həyata keçirilir. Hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur”.