BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat ximdətindən məlumat verilib.

Məlumatda deyilir ki, M1 və M2 ekspress marşrut xətləri avtobuslar saat 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

 

M1 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

 

M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. – 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

 

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0,30 manat müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

“Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik”, – məlumatda deyilir.

COP29