Bölgədə “mövqe döyüşləri”: “Rusiya Qafqazla bağlı iddialı davranır”

“Azərbaycan və Türkiyə münasibətlərinin “pozulması” kimi təqdim olunan məsələlər mövqe döyüşünün tərkib hissədir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya-Azərbaycan münasibətləri, Ermənistanla şimal qonşumuz arasındakı və rəsmi Bakının atmalı olduğu addımları dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya Azərbaycan vasitəsi ilə Ermənistana basqı edir.

“Qarabağ problemi tam həll olunub ifadəsini işlədirik. Ancaq eyni zamanda, həllini gözləyən xeyli məsələlər var. 10 noyabr bəyanatında Rusiyanın da imzası var. Rusiya Qafqazda iddialı görünür. Bunu açıq da bəyan edirlər. Bu məsələdə Azərbaycandan da istifadə etmək istəyirlər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bölgədə Qərbin və Türkiyənin təsir dairəsi ilə Rusiyanın təsir dairəsi arasında bir mübarizə var. Son zamanlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin “pozulmasına” cəhdlər təsadüfi deyil. Bu, “mövqe döyüşü”nun tərkib hissəsidir. Rusiya bu məsələdə dominatlıq edir.

Rusiya Ermənistanı açıq şəkildə ittiham edir ki, üçtərəfli bəyanatı sabotaj edir. Rusiya məsələni yenidən gündəmə gətirdi. Rusiya Zəngəzur dəhlizində təmsil olunmaq istəyir və bunun üçün də Qafqazla bağlı iddialı davranır”, – deyə o vurğulayıb.

Z.Məmmədli vurğulayıb ki, Putinin Bakı səfəri də bir çox suallar doğurdu:

“Azərbaycan və Rusiya münasibətlərinin yaxşı olmasını istəyərik. Ancaq Rusiya köhnə ambissiyalarla yaşayan dövlətdir. Bu baxımdan, Zəngəzur dəhlizi məsələsini gündəmə gətirir və Azərbaycan vasitəsi ilə Ermənistana basqı edir. Rusiyanın Azərbaycanı müttəfiq hesab etməsinin fəsadları ola bilər. Rusiya ilə münasibətləri taraz saxlamaq vacibdir. Ancaq hər şeyə də hazır olmalıyıq”.

Səxavət Məmməd

COP29