“İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-a qarşı müharibəni başladandan bəri elan etdiyi hədəflərin heç birinə çata bilməyib. Yəni HƏMAS birmənalı olaraq bitirilməyib və yaxın perspektivdə də bu gözlənilmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi təhlilçi İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərinə və Konqresdəki çıxışına münasibət bildirib.
Onun sözlərinə görə, bu gün hər bir fələstinli potensial olaraq HƏMAS-çıdır:
“Yəni Fələstində elə bir ailə yoxdur ki, onun üzvləri, hətta körpələr belə qətlə yetirilməsin. Bu isə düşmənçiliyi artıran bir məsələdir. Üstəlik, bir də HƏMAS müəyyən xarici qüvvələr tərəfindən bütün məsələlər üzrə dəstəklənir.
Məsələnin digər tərəfi isə budur ki, bu müharibə nəticəsində həm Fələstin, həm də Livanda həmsərhəd bölgələrdən məcburi köçkün vəziyyətinə düşmüş israillilər var. Həmin israillilərin də təhlükəsiz şəkildə geri qayıtmasına ehtiyac var ki, bu da indiki məqamda mümkünsüzdür. Çünki Livanda yerləşən “Hizbullah”, Qəzzadakı HƏMAS və İranın dəstəklədiyi proksi qüvvələr müəyyən raket zərbələri ilə sərhədyanı əraziləri vururlar”.
N. Miri düşünür ki, hazırda ortada Netanyahu administrasiyası adına heç bir uğur yoxdur:
“Ən nəhayət, bir də girov götürülmüş israillilərin məsələsi də mövcuddur. Sözügedən şəxslərin geri qaytarılması ilə bağlı baş nazirin xalqa verdiyi vəd var ki, o da yerinə yetirilməyib. Əksinə, HƏMAS-ın əsirliyində olan bəzi israillilər SAXAL-ın kobud müdaxiləsi nəticəsində İsrail əsgərləri tərəfindən öldürülüb və yaralanıb. Ona görə də bu müharibənin getdikcə uzanması gerçəyi ortada mövcuddur. Bundan başqa, bölgədə İsrail-Livan müharibəsi ilə bağlı potensial təhlükələr var. Bunun üçün də İsrail həm maliyyə, həm silah, həm də ABŞ-nin siyasi dəstəyinə ehtiyac duyur. Bunun üçün də Netanyahu ABŞ Konqresində çıxışında Yaxın Şərqdə İran və proksiləri əleyhinə yeni bir NATO-nun yaradılmasına ehtiyac olduğunu bildirib”.
“Mənə elə gəlir ki, bu daha çox Netanyahunun özünü, gələcəyini və hakimiyyətini xilas etmək istəməsi ilə bağlıdır. Çünki bir tərəfdən Beynəlxalq Cinayət Məhkəməsində Netanyahunun həbs olunması ilə bağlı hüquqi prosedur davam edir. Başqa bir tərəfdən isə ABŞ prezident seçkiləri ilə bağlı, ən azından, Yaxın Şərqdə davamlı atəşkəsi təmin etmək üçün siyasi uğura imza atmaq istəyindədir ki, bu da hələlik mümkün olmayıb. Düşünürəm ki, bu yöndə Bayden administrasiyasının fəaliyyəti davam edəcək. Fikrimcə, Netanyahunun istəkləri Vaşinqtonda qəbul edilməyəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov