Bölgədəki gərgin VƏZİYYƏT: “ABŞ və Fransa Ermənistanı təhlükəli oyuna sövq etməyə çalışır”

“Əslində, Pelosi İrəvana “ya Amerika, ya Rusiya” seçimini təklif etmişdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosimin İrəvana səfərindən sonra Qərblə Ermənistan arasında intensivləşən səfərləri dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Qərb Ermənistanı seçim qarşısında qoymaqla onu təhlükəli oyuna çəkir:

“ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda olarkən Ermənistan hakimiyyətinə və cəmiyyətinə seçim etməsiylə bağlı belə bir cümlə işlətmişdi: “Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq, seçim Ermənistanındır. Biz öz istəyimizi ifadə etmək üçün buradayıq”. Əslində, Pelosi İrəvana “ya Amerika, ya Rusiya” seçimini təklif etmişdi. Ermənistan rəsmiləri Pelosinin səfərindən iki gün əvvəldən “Rusiya bizi qorumur”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzərinə düşəni etmir” kimi açıqlamalar verirdilər. Bu siyasətin davamı kimi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-yə yola düşüb. Onun patronu Nikol Paşinyan isə Fransaya səfərə hazırlaşır. ABŞ və Fransa Baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini Ermənistanı Rusiya ilə qarşıdurmaya şərait yaradacaq təhlükəli oyuna sövq etməyə çalışırlar”.