Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə aparılır

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər keçirilib, feromon tələlər quraşdırılıb və mübarizə tədbirləri təşkil edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Yenicag.az-a bildirilib ki, zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi aparılıb. Həmçinin cari ilin mart ayından başlayaraq 52 rayonda 13 min 429 ədəd feromon tələ quraşdırılıb.

Monitorinqlər nəticəsində zərərvericinin 2365 ədəd yetkin fərdi, 131 ədəd nimfası aşkar edilib. Zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə olunub. Sirayətlənmə səviyyəsinin yüksək olduğu 14 ocaqda (33,7 hektar ərazidə) bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsuldarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki var. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla, topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ-kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.

COP29