Bölgənin taleyi həll olunacaqsa, buna məhz bu ölkələr qərar verməlidir – Beynəlxalq Simpozium

Bu gün Bakıda “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunan “Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium keçirilir.

Simpoziumda çıxış edən Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin təşkilinin, region ölkələrinin iştirakı ilə mühüm müzakirələrin aparılmasının təqdirəlayiq hal olduğunu söyləyib.

Büyükfırat Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini deyərək, ölkəmizin dünya birliyində dayanıqlı mövqe tutduğunu vurğulayıb. Natiq Azərbaycanın multikultiralizmin mərkəzinə çevrildiyini xüsusi qeyd edərək, iştirakçıların bu məqamı ciddi nəzərə almalarının vacibliyini bildirib.

Simpoziumun təşkilatçılarından olan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin təşkil olunmasının məqsədini aşağıdakı kimi ifadə edib:

“Simpoziumu keçirtməyimizin məqsədi odur ki, bu regionda hansısa bir xəritə çəkiləcəksə, bölgənin taleyi həll olunacaqsa, məhz bu ölkələr buna qərar verməlidir”.

Simpoziumda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təşkil olunan tədbirin çox ciddi məsələləri əhatə etdiyini vurğulayıb.

Millət vəkili regiondakı siyasi-iqtisadi proseslərdə media və QHT-lərin rolunu önə çəkərək, simpoziumun əsas məqsədinin gerçəkləşməsində mətbuatın potensialından maksimum istifadə olunmasının vacibliyini bildirib.

Əflatun Amaşovun sözlərinə görə, regionda cərəyan edən proseslərə, mövcud konfliktlərə, o cümlədən Qarabağ münaqişəsinə yönəlik mövqenin ifadə olunmasında medianın rolu böyükdür. Millət vəkili simpoziumun qarşısına qoyduğu məqsədlərə nail olacağına inandığını qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında simpoziumun əsas məqsədinin gələcəyə baxış olduğunu vurğulayaraq, tədbirdə regionda baş verən və gözlənilən proseslərin ciddi və faydalı surətdə müzakirə ediləcəyi qənaətində olduğunu deyib:

“Böyüdükcə də düşünürdüm ki, görəsən, mən də tarixi hadisələrin şahidi olacağammı? Məhz belə də oldu, bir mərhələnin sona çatmasının şahidi olduq. Sovetlər Birliyi dağıldı və biz qardaşlarımıza qovuşduq.

Bu tarixi hadisələrdən biri də bir neçə gün əvvəl BMT-də Qüds məsələsinin müzakirəsi zamanı 128 ölkənin qərarı oldu. Bu, onu göstərdi ki, ədalətsizlik gec-tez aradan qalxacaq. Bu, tarixi bir səsvermə idi. Bütün ölkələr ABŞ tərəfindən təhdid olunmuşdu. Ancaq nəticə onun istədiyi kimi olmadı.

Gələcəyi anlamaq hamımız üçün çox vacibdir. Getdikcə əlaqələr daha da güclənir, texnologiya inkiaf edir. Bu, bizə necə imkanlar açırsa, eyni zamanda terrorçular da təəssüf ki, bundan faydalanır.

İnsanlığın həyatını formalaşdıran ən təməl prinsip ədalət prinsipidir. Bu gün Azərbaycan böyük bir ədalətsizliklə qarşı-qarşıyadır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının zamanı çoxdan çatıb. Biz hər zaman Azərbaycanın yanında olmuşuq və olacağıq da. Ancaq bu ədalətsizlik tezliklə həll olunmalıdır”.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, regiondakı problemlərin media aspektini nəzərə alaraq, bu istiqamətdə müzakirələrin aparılması çox vacibdir:

“Bu cür müzakirələri “beyin fırtınası” da adlandırırlar. Regional geosiyasi məsələləri müzakirə etmək üçün əvvəlcə qlobal məsələləri ümumi şəkildə nəzərdən keçirtməliyik”.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner simpoziumdakı çıxışına çağırışla başlayıb.

O, təmsil etdiyi Şimali Kiprin hələ ki, yalnız Türkiyə tərəfindən tanındığını diqqətə çatdıraraq, ölkəsinin böyük ədalətsizliklə üzləşdiyini deyib. Ufuk Turqaner dünya birliyinin Şimali Kiprə qarşı daha diqqətcil olmasının zəruriliyini qeyd edib.

COP29