Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Heydər Əliyev Mərkəzində olublar.
Yenicag.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Bolqarıstan Prezidenti Rumen Radevə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı bildirilib. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.
Ziyarətçilər Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilərlə də tanış ola bilərlər.
Ali qonaq “Azərbaycan inciləri” sərgisi ilə tanış olub. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir. Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Bolqarıstan Prezidenti “Mini Azərbaycan” sərgisinə baxıb. Bu sərgidə ali qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə edib.
Qonaqlar “Kukla incəsənətdə” sərgisi ilə də tanış olublar. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
Sonra Rumen Radev və Desislava Radeva Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən – XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.