Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olundu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Görüşdə iqtisadi sahədə əməkdaşlığın inkişafı, enerji, ticarət və sənaye üzrə sıx işbirliyi imkanları dəyərləndirilib.

Vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən tədbir və müzakirələr Bolqarıstanla əlaqələrin möhkəmləndirilməsinə münbit zəmin yaradıb. 2024-cü ilin yanvar-may aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 78 faizdən çox artaraq 240 milyon dolları keçib.

Qeyd olunub ki, sərmayə tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var. Ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətləri fəaliyyət göstərir.

Bildirilib ki, Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın Bolqarıstanla da energetika sahəsində əməkdaşlığının gücləndirilməsi üçün imkanlar genişdir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, enerji, ticarət və sənaye sahələrində sıx işbirliyi qurulması imkanlarını nəzərdən keçiriblər.

COP29