“Bolt” taksi şirkəti kartla ödəniş edildiyi zaman sürücülərin pulunu verməkdən boyun qaçırır. Şirkətin bu addımı sürücüləri də hövsələdən çıxardır və onlar kartla ödəniş etmiş sərnişini daşımaqdan imtina edirlər. Məsələn, sərnişin şikayətlərinin birində qeyd olunur ki, “Hyundai Sonata” markalı 90-PZ-103 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü kartla ödənişin sərf etmədiyini bildirərək sərnişini düşürüb. Maraqlıdır ki, son zamanlar “Bolt”la bağlı bu cür şikayətlər artsa da, şirkət qətiyyən cəzalandırılmır.
Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, sürücülərin kartsız müştəri aparmaqdan imtina etməmələrinin başlıca səbəbi öz mənfəətlərini düşünmələridir:
“Ümumiyyətlə, taksi xidmətində kartla ödəniş sistemi tam olaraq mükəmməl şəkildə formalaşmayıb. Bəzi taksi xidməti göstərən şirkətlər var ki, hələ də bütün avtomobilləri nağdsız ödəniş terminalları ilə təmin edə bilməyiblər. Bəzi şirkətlər sürücünü işə dəvət edərək onların öz resurslarından istifadə edirlər. Bu, “Bolt” və digər şirkətlərə də aiddir. Sürücülər şirkətlə öz şəxsi avtomobilləri ilə müqavilə bağlayaraq günəmuzd gəlir əldə edirlər. Bu isə ciddi problemdir.
“Bolt” şirkəti xidmətə buraxdığı nəqliyyat vasitələrini nağdsız ödəmə terminalları ilə təmin etsə də, sürücülər və istehlakçılar arasında qeyri-rəsmi razılaşma var. Bir çox hallarda xidməti yerinə yetirən sürücü sərnişindən məbləği yuvarlaşdıraraq alır. Məsələn, gediş haqqı 3.40 AZN tutubsa, sürücü sərnişindən 4 manat götürür. Kartla ödənişdə isə yazılan gedişhaqqı ödənilir və bu, sürücüyə sərf eləmir. Ona görə əksər sürücülər bilərəkdən ödənişin nağd şəkildə olmasını tələb edirlər. Bu sürücülər yalandan nağdsız ödəniş zamanı şirkətdən pul ala bilmədiklərini də deyirlər. Əslində, bu məsələ şirkətin özü ilə araşdırılmalıdır. Fikrimcə, şirkətin xidmət potensialının aşağı düşməməsi fonunda kartla ödənişlə bağlı iddia həqiqətə uyğun olmaya bilər. Ona görə də problemin kökü sürücülərdədir”.
“Bolt” şirkətinin ucuz qiymət prinsipi üzrə fəaliyyətinin müştəriləri cəlb etdiyini bildirən nəqliyyat eksperti Aslan Əsədov isə saytımıza açıqlamasında bildirib ki, sözügedən şirkət sərnişin narazılıqlarını ciddi qəbul etmir, çünki şirkətin əsas məqsədi müştəri məmnuniyyətini təmin etmək yox, yüksək gəlir əldə etməkdir:
“Bolt” taksiləri ilə bağlı yaranan problem ilk deyil. Çünki “Bolt”, “Uber” kimi xarici taksi şirkətləri yerli bazarda öz qaydalarını diktə etməyə çalışırlar. Bu isə sürücülərlə sərnişinlər arasında müəyyən problemlər yaradır. Əsas problem qiymət meyarı ilə bağlıdır. Yerli taksi şirkətləri gediş haqqını yüksək etmək istəsə də, ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri gediş haqqını avro və dollar mütənasibliyi ilə hesablayaraq xidmətlərini ucuz qiymətə təklif edirlər. Bununla yanaşı, “Bolt” kimi xarici şirkətlər müəyyən meyarlarla sürücüləri cəlb edirlər. “Bolt”da xidmət göstərmək sürücülər üçün əlçatan olsa da, nağdsız ödənişlərin qəbul edilməməsi ilə bağlı sürücülərin cəzalandırılması şirkət üçün maraqlı deyil. Çünki şirkətə lazım olan sürücünün istismarıdır. Şirkət sürücü ilə hansısa əmək müqaviləsi bağlamır və dövlətə aylıq rüsum ödəmir. Bu baxımdan, sürücü-sərnişin anlaşmazlığı “Bolt” üçün əhəmiyyət kəsb etmir”.
Gülşən Şərif