!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boxçasını yastığının yanında saxlayırdı ki, indicə “Qara volqa” gələcək... – Unudulmaz şairin həyat dramı

!Reklam – Yazi

Abdulla Şaiqin bir vaxtlar yaşadığı bina 1905-ci ildə inşa olunub. 1916-cı ildə Şaiq anası və qardaşı ilə bu mənzilə köçüb. Sevdiyi qızı da bu evə gəlin gətirib və 1957-ci ilin dekabrına kimi də elə orda yaşayıb. Muzeyi şairin böyük oğlu, məşhur ədəbiyyatşünas, Şaiq irsinin tədqiqatçısı, akademik Kamal Talıbzadə yaradıb.

Yeniçağ.az olaraq sözügedən ünvana yollanırıq. XX əsrdə Azərbaycanın ən məşhur dramaturq və şairlərinin gəlib-getdiyi evin kandarındayam. İçimdə qəribə bir həyəcan var: sanki qulağıma pilləkənləri ağır-ağır qalxan Hüseyn Cavidin ayaq səsləri, Mikayıl Müşfiqin pıçıltıları gəlir. Abdulla Şaiq ocağının qapısını döyürük: bizi muzeyin böyük elmi işçisi Günel Əsədova qarşılayır.

Abdulla Şaiqin yağlı boya ilə çəkilmiş böyük portreti qonaqlarını salamlayır. 4 otaqlı bu mənzilin hər bucağı xatirə doludur. Bir vaxtlar mətbəx kimi istifadə olunan otaqda indi Şaiqin müxtəlif dillərə tərcümə olunan kitabları, eləcə də digər əsərlər yer alıb.

Muzeydəki hər bir əşyanın özünəməxsus tarixçəsi və maraqlı əhvalatları var. Bir zamanlar qonaq otağı olan bu yerin düz mərkəzində yerləşən qonaq masası… Bələdçini dinləyə-dinləyə masanın ətrafında fırlanır, vaxtilə bura yığışan yaradıcı insanları gözümün önünə gətirirəm…

– Səhv etmirəmsə, Səməd Vurğun bu masanın arxasında Abdulla Şaiqdən öz elçiliyini edib.

– Bəli, Səməd Vurğunla Abdulla Şaiq yaxın dost, sonradan isə bacanaq olublar. O, həmişə bura gəlib-gedib. Vurğun Hümmət Əlizadənin toyunda Şahzadə xanımın bacısı Xavər xanımı görüb, ona aşiq olur. Təbii ki, fikrini Şaiqə deyir, elçiliyə də özü gəlir. Səməd Vurğunun toyunu Abdulla Şaiq edib. 1934-cü ildə toy bax, bu mənzildə olub. Bu otaq tək Vurğunun yox, bir çoxlarının şad günlərinə şahidlik edib. Hətta Abdulla Şaiq oğulluğa götürdüyü folklorşünas Hümmət Əlizadənin toyunu da burda edib. Toya o dövrün bir çox tanınmış adamları gəliblər. Mikayıl Müşfiq məşhur “Oxu Tar” şeirini də ilk dəfə burada səsləndirib.

– Bildiyimə görə, Şahzadə xanım Şaiqin ikinci ailəsi olub.

– Bəli. Çoxları bu faktı bilmir. Əslində, şair uğursuz bir ailə həyatı yaşayıb. Bakıya gəldiyi ilk illərdə Raziyə adlı xanımla ailə həyatı qurub, ancaq bir il tamam olmamış həyat yoldaşı rəhmətə gedib. Şahzadə xanım Dərbənd bankiri məşhur Mirzəbəyovun qızı olub. 1920-ci ildə Dərbənddə Denikin vuruşmalarından sonra Bakıya qaçıb və bu binanın birinci mərtəbəsində yaşayıblar. Burda da şair Şahzadə xanımı görüb, ona elçi düşür. Hətta Şaiq öz xatirələrində Şahzadə xanımın çox tərbiyəli və yüksək əxlaqa malik, qayğıkeş bir insan olduğunu yazır və özünün ailədə çox xoşbəxt olduğundan bəhs edirdi.

– Məhəmməd Hadi də bu evdə qalıb?

– Doğrudur, o, bir ay bu evdə yaşayıb. Onun taleyi acınacaqlı idi. Hətta gedəndə Abdulla Şaiqin xəbəri olmayıb. Məktub yazıb qoyur ki, “mən bilirəm ki, getmək istədiyimi sənə desəydim, qoymayacaqdın. Sənə ağır yük olmamaq və daha çox incitməmək üçün gedirəm”.

Söhbət edə-edə Abdulla Şaiqin iş otağına keçirik. Burada ədibin iş masası, paltar və kitab dolabı və digər əşyalar yerləşir.

– Abdulla Şaiqin əlyazmalarının tapıldığı, gizli siyirtməsi olan bu masadır?

– Bəli… Qeyd edim ki, Abdulla Şaiqin dövrü repressiya illərinə təsadüf edib. Əlbəttə ki, onun qaçmaq şansı da yox idi. Hətta Kamal müəllim deyirdi ki, “atam daim həyəcan içində yaşayırdı ki, indicə “qara volqalılar” gəlib məni aparacaqlar. Buna görə də özünə balaca bir boxça hazırlamışdı, ən vacib əşyalarını da içinə toplayıb, yatağının yanında saxlayırdı”. Abdulla Şaiq çox qorxurdu və bilirdi ki, gec-tez nəsə ola bilər. Dediyiniz o əlyazmalar şair rəhmətə getdikdən sonra tapıldı və “Arazdan Turana” adlı kitaba salındı. O kitab hazırda muzeydədir. Şaiqin ən çox sevdiyi məşğuliyyəti də şübhəsiz ki, mütaliə olub. Olduqca zəngin kitabxanası varmış. Hazırda onlardan bir qismi də muzeydədir.

– Abdulla Şaiqin ən yaxın dostu kim idi?

– Hüseyn Cavid. Onlar möhkəm dost, məsləkdaş olublar. Demək olar ki, hər gün bir yerdə olur, fikir mübadiləsi edir, dövrün gərdişindən danışarmışlar. Kamal müəllim atası ilə bağlı xatirələrində deyirdi ki, “o vaxtlar işıq olmadığı üçün atam öz şair və yazıçı dostlarıyla şam işığında bu masa arxasında toplaşar, müzakirələr aparar, şeirlər oxuyar və ən məşhur əsərlərini yazardılar. Səhərin açılmasını isə yalnız pəncərədən düşən günəş işığından hiss edərdilər”.

– Şaiq repressiyadan necə qurtuldu?

– Tələbələrinin köməkliyi ilə. Onu Qarabağın kəndlərindən birinə göndəriblər. Orda uzun illər müəllimlik edib.
Digər otaqların birində şairin adını daşıyan 54 nömrəli məktəbin, Kukla teatrının, eləcə də uşaq kitabxanasının şəkilləri asılıb. O otaqda bundan başqa, alman dilinə tərcümə olunmuş toplu, alman dilində “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” Liliane Grimmin tərcüməsi də var. Hətta bələdçi bildirir ki, “həmin kitabın təqdimatı bu muzeydə olub”. 2010-cu ildə Almaniyanın Köln şəhərində dünya ölkələrinin Nağıllar festivalı keçirilir və tədbirlərin birində Liliane Qrimmin tərcümə etdiyi “Tıq-tıq xanım” nağılının alman dilində səsləndirildiyi də qeyd edilir.

– Əslində, Abdulla Şaiq uşaq şairi idi…

– Biz hamımız onun “Xoruz” şeiri, “Tıq-tıq xanım” nağılı, “Tülkü həccə gedir” nağılı ilə böyümüşük. Yəni onun yaradıcılığından ən çox görüb eşitdiklərimiz bunlar olub. Amma o sırf uşaq şairi olmayıb. Ancaq o yaradıcılığa qəzəllər və tərcümə əsərləri ilə başlayıb. O, Şekspirdən “Maqbet”i, Nizami Gəncəvidən “İsgəndərnamə”ni tərcümə edib. Onun elə əsərləri var ki, məsələn, “İntizar qarşısında” əsərində sətraltı məqamlar var. “Həpimiz bir günəşin zərrəsiyiz”də də bir misrada yazıb ki, “irqindən, dinindən, dilindən asılı olmayaraq hamımız bir doğulmuşuq. Bir gün günəşin şüası ilə qidalanırıq”. Təbii ki, bu sətirlərdə sürgün, repressiya qoxusu vardı və Abdulla Şaiq də bunu bilirdi.

– Abdulla Şaiq həm də yaxşı müəllim olub.

– Şaiq həyatının 34 ilini fasiləsiz olaraq pedaqoji fəaliyyətə həsr edib. O, sözün əsl mənasında, müəllimlik adına layiq olmağa çalışıb. Uşaqlar üçün xarici dillərdən tərcümələr edib. Dərs dediyi şagirdlər xatirələrində onu hər zaman qayğıkeş müəllim kimi xatırlayırlar. Bu da təsadüfi deyildi. Şaiqin fəaliyyətilə bağlı təqdir olunacaq xatirələrdən biri də onun tədrisdə ana dilinə üstünlük verməsi olub. Təsəvvür edin ki, həmin dövrdə rus dilində dərs deyən müəllimlər 10 manat maaş alırdılarsa, Azərbaycan dilində dərs deyən müəllimlər 5 manat alırdı. Lakin Şaiq buna baxmayaraq yenə də ana dilində tədrisi seçirdi, hətta o bir-bir şagirdlərin valideynləri ilə görüşüb, uşaqlarını ana dilində oxutmaq üçün onları razı salmağa çalışırdı. Beləcə, Şaiqin səyləri nəticəsində ilk anadilli sinif yaranmış olub. O, tez-tez şagirdlərini evinə çağırır, onlara əlavə dərslər verir, müxtəlif mövzularda müzakirələr aparırdı. Təsadüfi deyildi ki, onun istedadlı tələbələrindən olan Cəfər Cabbarlı müəllimini sevgiylə anır və “mənim tərcümeyi-halımla maraqlananlar müəllimimdən soruşsun” deyirdi.

– Deyəsən, Abdulla Şaiq təkcə şair deyildi, həm də siyasi fəaliyyətlə məşğul idi.

– Doğrudur, o, iki dəfə deputat seçilmişdi. Ancaq dəbdəbəli həyatı sevməyib. Sadə həyat yaşayan Şaiq, həssas bir ürəyə malik olub. Hətta Şahzadə xanım hər gün qapı-qapı gəzərək ət satan adamı alış-veriş zamanı çox sorğu-sual edərmiş. Bunu dəfələrlə müşahidə edən Abdulla Şaiq ətsatanın halına acıdığından bir gün özü tezdən oyanır, satıcı ilə çək-çevir etmədən ət alır. Şahzadə xanım onun bu hərəkətinin səbəbini öyrənmək istəyəndə, şair “istəmirəm onu çox incidəsən, yazıqdır”,- deyir. Abdulla Şaiq dünya malında gözü olmayan adam idi. Demək, bir gün Şahzadə xanımla Hüseyn Cavidgilə gedirlər. Qayıdıb gələndə xanımı evindəki zinət əşyalarını, tələbələrinin Şaiqə verdiyi qızıl bazubəndi, kəməri tapmır. Məlum olur ki, evdə işləyən yəhudi xidmətçi evdə əlinə keçən qiymətdə ağır, vəzndə yüngül nə varsa, yığıb bir vedrənin içinə, zibil atırmış kimi aradan çıxıb. Şair o qadın barədə şikayət etmir, sadəcə “ehtiyacı olmasaydı, aparmazdı”, deyir.

– Bakının keçmiş Sovet məhəlləsindən tezliklə əsər-əlamət qalmayacaq. Muzeyin aqibəti necə olacaq?

– Muzey Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Bu danılmaz faktdır ki, bura “Sovetski”dirsə, ətraf sökülürsə, bizə də növbə çatacaq. Aidiyyatı qurumlara müraciət etmişik. Çünki tək bura deyil, muzeylə yanaşı İmam Hüseyn Məscidi də var. O da tarixi abidə kimi qorunur. Biz bərpa işlərinə razıyıq. Sökülərsə, yəqin əşyalar hardasa yerləşdiriləcək, o da olacaq memorial muzey… Həmin yer isə artıq Abdulla Şaiq ocağı olmayacaq.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv