Kəskin böyrək çatışmazlığı böyrəklərin öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsi olaraq böyrəklər bədəndə olan zəhərli maddələri xaric edə bilmir. Bu zaman orqanizmdə olan su və mineral duzların tarazlığı pozulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenicag.az-a verilən məlumat agörə, böyrək çatışmazlığının müalicəsi zamanı və müalicədən sonra böyrəkləri qorumaq üçün düzgün qidalanma həlledici rol oynayır. Bu xəstəlikdən əziyyət çəkən insanlara ev yeməklərinə üstünlük vermək məsləhət görülür. Yağlı və xəmir yeməklərinin istehlakının azaldılması tövsiyə olunur. Böyrək xəstəliyi olan insanlar duzsuz və ya tərkibində az miqdarda duz olan qidalara üstünlük verməlidirlər.
Böyrək xəstəliyindən əziyyət çəkən insanlar qida rasionundan spirtli içkiləri çıxarmaqla yanaşı, tütün məhsullarından da mümkün qədər uzaq durmalıdırlar. Eyni zamanda onlar kalium tərkibli qida məhsullarından-banan, portağal, kartof, ispanaq və pomidordan istifadəni mümkün qədər azaltmalıdırlar. Həmçinin natrium tərkibli qida məhsullarından-konservləşdirilmiş, dondurulmuş, hazır qida və fəstfudların, eləcə də fosfor və zülal tərkibli qidalardan-ət, süd, qoz-fındıq, paxlalı bitkilər və quru meyvələrin istehlakı məhdudlaşdırılmalıdır.