“Bu gün çoxlu sayda yeni filmlər çəkilməlidir ki, onları köhnə filmlərlə müqayisə edə bilək. Çox az sayda filmlər çəkilir. Kino demək olar ki, böyrü üstə qalıb. Bu sahə ilə məşğul olan rejissorlar və digər peşə sahibləri işsizdir”.
Bunu Yenicag.az-a açıqlamasında Peşəkar Kinorejissorlar Gildiyasının sədri, tanınmış rejissor Hüseyn Mehdiyev yeni çəkilən filmlərin köhnə filmlərə uduzması ilə bağlı fikirləri dəyərləndirərkən deyib.
Rejissor bu gün yeni filmlər çəkilmədiyi üçün, köhnə filmlərlə yeni ekran işlərinin müqayisəsini də düzgün heçab etmir:
“Köhnə filmlər tamaşaçıya tanış və çox doğmadır. O filmlər 50-60 ilin məhsuludur. Dəfələrlə baxılıb, ekranlarda göstərilib və tamaşaçı o filmləri özü üçün doğmalaşdırıb. O filmlər heç vaxt tamaşaçını bezdirmədiyi üçün hər dəfə eyni sevgi ilə baxılır. O filmlər musiqi kimidir, baxmasaq da belə hiss edib, ləzzət alırıq. Düşünmürəm ki, yeni filmlər köhnə filmlərə uduzur. Müqayisə etmək düzgün deyil. Sənət əsərinə illər sonra qiymət verilir. Vaxt, zaman bunu həll edir. Sadəcə olaraq, bu gün yeni filmlər demək olar ki, çəkilmir. Əvvəllər dövlət dəstəyi ilə il ərzində 7-8 film çəkilirdi”.
H.Mehdiyev kinonu yenidən dirçəltmək üçün bu sahəyə maliyyə ayrılmasını vacib sayır:
“Vacib deyil ki, o filmlərin hamısı dünya səviyyəsinə uyğun olsun. Sadəcə olaraq, kəmiyyət artmalıdır ki, onların arasında keyfiyyətli filmlər ələnib süzgəcdən keçsin. Bu gün filmlərin çəkilməsi üçün əvvəllər olduğu kimi maliyyə ayırmalı, bu iş sistemləşdirilməlidir”.
Cəvahir