!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük adam

!Reklam – Yazi

Bütün böyüklər böyüdülüblər. Böyük olana qədər onları böyük edənlərin zəhməti bəzən itirilib də! Amma elə böyüklər də var ki, elə anadan böyük doğulublar, dünyaya böyük gəliblər, zəhmətləri nə qədər itirilsə də, böyüklüklərindən bir misqal əskilməz!

Taleyin qismətindən İbrahim müəllimi hər zaman hər yerdə hər kəsə böyük kimi təqdim ediblər – vallah, nə qədər baş sındırsan da ki, bəs bu özü haçan uşaq olub, cavan olub, yeniyetmə olub, onda tərcümeyi-halın bir vərəqinə diqqət yetirməli olursan: İbrahim müəllimin uşaqlığı ölkənin aclıq çəkdiyi illərə, gəncliyi də elə həmin ölkənin özünün böyük təqdim edilməsi dönəminə düşüb, yəni İbrahim müəllim zamanla, ölkəylə böyüyüb.

Həyatda İbrahim müəllimi kim tanıyırsa, kimə təqdim edilirsə, bu, mütləq yaşda və başda böyük birinin həm də şəxsiyyət böyüklüyü ilə müşayiət olunur!

Mənim həyatda ilk tanıdığım böyükdü İbrahim müəllim. Çünki mənim böyüyüm Onu böyük bilib, məni ona əmanət etmişdi: “Əti sənin, sümüyü mənim!”

Mən bu “əmanət əməliyyatı”ndan daha bir İbrahim müəllim tanıdım: böyük türk kişisi!

Bu illər ərzində mən məhz İbrahim müəllimdən süvari türkün süvari ağsaqqalla – türklə salamlaşmasını da, iki incik düşən, üz-üzə qalan türkün mərhəmət sərgisini də ondan öyrəndim.

Zaman bizi çox qalmaqala salsa da, biz qalmaqalsız yaşaya bildik – çünki qabağımızda, bizdən öndə İbrahim müəllim vardı. Bizim yaşam ritmimizi zamanın nəbzi ilə uyğun saxlamağa İbrahim müəllimdə müdriklik və böyüklük var. Bu yaxınlarda dediyi fikri hamı üçün keçərli sayıram: “çalışın, qardaşları, dostları, əmioğlu, dayıoğlunu özünüzdən uzaq salmayın, əksinə, dostları, əmioğlu-dayıoğlunu qardaşa çevirin”.

Həyatın qabağına elmlə, savadla, elin içinə əxlaqla, dövlətin qarşısına siyasi sabitqədəmliklə çıxırsansa, demək, kamillik mərhələsindəsən.

İbrahim müəllim ilkindən xalq üçün öyrətmən amacında olub. Zaqatalada pedaqoji məktəbi, Bakıda indiki ADPU-nun filologiya fakültəsini, nəhayətdə Ali Partiya Məktəbini bitirib. Sözün məcazi və müstəqim mənasında, böyük olmaq üçün nə qədər və nə üçün oxumaq lazımdısa, İbrahim müəllim də o qədər və o niyyətlə çalışıb.

İbrahim müəllimdə küsmək anlayışı, kin saxlamaq hissi yoxdur. Bir ziyalı insanın xarakteri ilə şəxsiyyətini tam vəhdətə gətirən bu alicənablıq sonda onu həm bizim aramızda, həm də etibar olunan, etimad göstərilən yerlərdə böyük göstərib. Və o, böyük göründüyü kimi də böyüklüyünü göstərib…

İbrahim müəllimi həm dost, həm qardaşım-böyüyüm olaraq izlədikcə, bir nüansa şahid oldum. O, “ağıl və ya müdriklik” sualı yarananda tam üstünlüklə müdrik rəftarı, addımı seçib. Deyildiyi kimi: ağıllı adamlar problemi asanlıqla həll edər, müdriklər isə o problemi yaranmağa qoymaz. İbrahim müəllimdən ancaq hərəkət etdiyi trayektoriya çərçivəsində yazmaq onun böyüklüyünə kölgə salmış olur, atdığı addımlara söykənərək rəy yaratmaq da onun nəhəngliyini tam ifadə etmir.

İbrahim müəllim incə və həm də bəzən qara yumor hissinə malik olan, gözəl şeirlərin müəllifi olaraq, özünün rəva bildiyi qədər oxucuya özünü tanıdan, dost-tanışların məclisində sözünün şəhdi-şəkəri yeyilən özəl söz adamıdır!
Və bəlkəsiz deyim ki, İbrahim müəllim kifayət qədər dürüst yaşayır, evinin halalına heç vaxt haram qatmaz ki, öz halalından da olsun. Çoxlarının populistlik və imic üçün sərgilədikləri İbrahim müəllimin gündəlik yaşam prinsipləridir.

Sözübütövlüyü onu həmişə nəinki doğmaları üçün, eləcə də doğma olmayan çoxları üçün xilaskara çevirib. Adı bəs edib “Qağa” çağırdığımız İbrahim müəllimin. Həmişə öz saflığına güvənərək, sadə el dilində desək, peyda olmağıyla qan bağlanıb. İbrahim müəllimin saflığı həmişə adam olmaq istəyənlər üçün qənirsiz nümunədir. Əslində, İbrahim müəllimdən danışmaq həm də və ilk növbədə o deməkdir ki, siz nümunəvi bir insanla tanış olursunuz. Belə gözəl ziyalı, şair, dövlət qulluqçusu, əlbəttə, hər yerdə barış simvoludur. Şəxsən öz payıma heç vaxt bağışlamayacağım insanları çox sakitcə və mehribancasına qarşılayır da, söhbət də edir… Hətta üzü utanıb qaçıb gedib gizlənmək istəyəni qaça bildiyi yerəcən qovub “salam”ını da verir!

İbrahim müəllimin uşaqların tərbiyə olunmasında ən böyük üstünlük verdiyi forma sevgidir. Bəli, uşaqları qorxuyla yox, sevgiylə böyütməli.

Düşündükcə xatırlamaq, xatırladıqca danışmaq, danışdıqca yazmaq olar. Amma ən yaxşısı elə İbrahim müəllimi tanımaqdır! Çünki İbrahim Yusifzadəni təkcə tanımaq kifayətdir ki, onu həmişə hər yerdə böyük görəsən və həm də sevəsən.

İbrahim müəllim öz böyründəki doğmasını görməyib, gözü uzaqdakı yadlarda qalan adam deyil; doğmalarının yaşca ən kiçiyinə belə dəyər verir, güvənir. Başqa tərəfdən, Qağamız, yalnız doğmasıdır deyə yanındakına dəyər verməklə bəsinmir; ən uzaqda olsa belə, yadın insanını dəyərlə qarşılayıb, izzətlə yola salar. O, insanları sevir, dəyərləndirir, inanır, güvənir…

İbrahim Yusifzadə o adamdır ki, yubiley yaşında da böyüklüyünü unutmayıb, bizim hədiyyə götür-qoylarımızı qabaqlayıb, öz yubileyində öz varlığını, öz böyüklüyünü hədiyyə edib bizlərə. Hər zamankı kimi, yenə bir addım qabaqda…

Anar YUSİFOĞLU

Yenicag.az

www.yenicag.az

25094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv