“Böyük güclərin Qarabağ siyasətini nə vaxtdan azərbaycanlı, ya erməni jurnalistlər müəyyənləşdirir?” – İlham İsmayıl

“Azərbaycanlı jurnalistlərin İrəvana, ermənilərin isə Bakıya planlaşdırılan səfəri ancaq qarşı tərəfin maraqlarına uyğundur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yaxın günlərdə azərbaycanlı jurnalistlərin Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana planlaşdırılan səfərinə münasibət bildirən ixtisasca jurnalist olan keçmiş xüsusi xidmət zabiti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, jurnalistlərin qarşılıqlı səfəri ancaq erməni tərəfinin maraqlarına uyğundur:

“Ermənistan Qarabağı işğal edib. İndi də deməyə çalışır ki, biz istəyirk, hər şey yaxşı olsun, siz bizə gəlin, biz sizə gedək, yolu açaq, ancaq Qarabağı qaytarmayaq. Yəni erməni tərəfi bizi yola gətirmək istəyir.

Bizim erməniləri yola gətirməyimiz isə Qarabağı işğaldan azad etməyimiz deməkdir. Jurnalistlərin, ictimai xadimlərin gediş-gəlişi birmənalı olaraq, Ermənistanın xeyrinədir. Bu, “xalqları sülhə hazırlamaq prosesi”ndə erməni tərəfini sülhə, Azərbaycan tərəfini isə təslimçiliyə hazırlamaq planının tərkib hissəsidir. Bunun başqa adı yoxdur”.

Keçmiş zabit bildirib ki, azərbaycanlı jurnalistin gedib Ermənistanda kiməsə təsir göstərəcəyinə inanmaq qeyri-ciddilikdir:

“Bizim jurnalistlər gedib orada nə deyəcəklər? Deyəcəklər, neftimiz var, yaxşı yaşayırıq, ölkəmizdə idman yarışları keçiririk, gəlin, siz də bizə qoşulun, sizing də vəziyyətiniz yaxşı olsun? Erməni də cavab verəcək ki, Qarabağı alıb oturmuşuq, vəiyyətimiz də yaxşıdır.

Dünyanın Cənubi Qafqaz siyasətini, o cümlədən, böyük güclərin Qarabağ siyasətini nə vaxtdan azərbaycanlı, ya erməni jurnalistlər müəyyənləşdirir? Bu yumşalma xətti yalnız ermənilərə faydalıdır. Keçmişdə biri başqasını öldürürdü, öldürən tərəfin adamları iki seyid götürüb gedirdi və məsələni yoluna qoyurdu.

Burada uduzan kim olurdu? Təbii ki, itki verən tərəf. İndi Qarabağ məsələsində də jurnalistlərdən “seyid” kimi istifadə etmək istəyirlər. Bizim jurnalist oraya gedəndə sinəsini qabağa verib, “Qarabağı sülhlə qaytarmasınız, sizə qarşı vuruşanlardan biri də mən olacam”, deyə bilməyəcəksə, heç getməsin.

Ora gedən jurnalistlər nəzərə alsınlar ki, bu məsələ “xala-xala” oyunundan başqa bir şey deyil”.

Səxavət Məmməd