“Böyük oğlumuzun xəbərini alanda, başa düşdük ki, kiçik oğlumuz da şəhid olub” – 45 gündə tarix yazanlar
Xalq bu qəhrəmanları dünyaya gətirib, böyüdən valideynləri, ailələri tanımalıdır. 45 gün ərzində onlar tarix yazdı!
Bu gün Binə qəsəbəsində şəhid ailəsini ziyarət etdim. Bu ölkənin necə də qeyrətli oğulları var imiş. Belə hekayələri ancaq kitablarda oxumuşuq.
Eyni gündə şəhid olan İman və Bəhram qardaşlarının ata və anasının keçirdiyi hissləri mən heç vaxt bilə bilmərəm. Onlar qəhrəman övladları haqqında danışırdı, mən isə sakitcə oturub onlara diqqətlə baxırdım. Sözlə ifadə edilə bilinməyəcək qədər dəhşətli hisslər idi.
Təsəvvür edin ailənin iki övladı eyni gündə əsgərliyə yollanır. Vətən müharibəsi başlayanda bu qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qalmalısız, biriniz ön cəbhəyə gedə bilərsiz. Hər iki qardaş bu təklifdən imtina edib. Onda bildiriblər ki, hər ikiniz arxa cəbhədə qala bilərsiz. Bu təklifdən də imtina edib.
İmanın 22 yaşı, kiçik qardaşı Bəhramın isə 20 yaşı var idi. İman və Bəhrəm döyüşlər başlayandan ön cəbhəyə yollanıblar. Ailəsinə son sözləri o olub ki, ay ana, ay ata, ya biz torpaqlarımızı azad edib sağ-salamat qayıdacağııq, ya da hər ikimiz vətən uğrunda şəhid olub qayıdacağıq. Mümkün olan deyil ki, biz bir-birimizdən ayrı qalaq. Söz veririk ki, bir-birimizi qoruyacağıq.
İman və Bəhram Qırmızıbazar kəndində gedən qızğın döyüşlərdə şəhid olublar. Əsgər yoldaşları deyirlər ki, onlar bizim gözümüzün qarşısında şəhid olub. Erməni dığaları İmanı (böyük olan qardaşı) ayağından yaralayıblar, Bəhram qardaşını çətin durumda görüb onu xilas etməyə gedəndə snayper gülləsinə tuş gəlib.
Ana deyir ki, bizə bildirəndə ki, böyük oğlumuz şəhid olub, biz artıq başa düşdük ki, kiçik oğlumuz da şəhid olub. Çünki onlar uşaqlıqdan bir-birini qoruyurdular, bir paltar, ayaqqabı geyinib böyümüşdülər. Bir boşqabdan yemək yeyirdilər. Bir olub müharibəyə yollanmışdılar. Onlardan birinin evə tək sağ qayıtması mümkün deyildi
Bax belə oğullarımızın hesabına torpaqların böyük bir hissəsini qaytarmağa nail olmuşuq.
Mən baş əyirəm hər bir şəhid ailəsini qarşısında. Sizlər bu dünyaya qəhrəmanlar gətirmisiz. Sizi heç vaxt unutmarıq! Çox sağ olun. Hər iki övladı bir gündə itirməyin necə bir hiss olduğunu heç vaxt bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, siz milyonlarla oğul qazandız. Hər birimiz sizin övladlarınızıq.
Əminəm ki, İman və Bəhrəm qardaşları haqda tarix kitablarında yazılacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimizə tezliklə Allah şəfa versin. Vətənimizi qoruyan hərbçilərimizə isə can sağlığı arzulayıram.
Mehman Hüseynov