Bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin ölkədəki iqtisadi-sosial vəziyyətə həsr edilmiş fövqəladə iclasını keçirərək bir sıra mühüm anonslar verib.
Müşavirənin stenoqramı hələ yayılmasa da dövlət xəbər agentliyi AzerTac tərəfindən yayılan xülasədən məlum olur ki, prezident iqtisadi siyasətin yeni situasiyaya uyğun radikal dəyişikliklərə məruz qalacağını elan edib. Bunun ən mühüm istiqamətləri ölkədə beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə böyük özəlləşdirmə proqramının hazırlanması, xarici borclanmaya gedilməsi və daxili borclanma üçün dövlət istiqrazlarının dövriyyəyə buraxılmasıdır.
Bəs prezidentin anons etdiyi böyük özəlləşdirmə proqramına hansı dövlət müəssisələri və əmlakı daxil edilə bilər? İqtisadi böhran dövründə hansı dövlət aktivlərindən yaxa qurtarmaq və onları xarici, yaxud yerli investorlara satmaq daha sərfəli olardı?
Özəlləşdirmə proqramının konturları yəqin ki, yaxın vaxtlarda görünəcək. Lakin bəribaşdan təxmin etmək olar ki, prezident bu proqramı başladarkən ilk növbədə dövlət büdcəsinə yük olan bəzi səhmdar cəmiyyətlərin özəlləşdirilməsini nəzərdə tutur.
Böyük özəlləşdirmə proqramına daxil edilə biləcək dövlət səhmdar cəmiyyətləri arasında ilk növbədə “Azərenerji”, AZAL, “Azərsu”, “Azəristliktəchizat”, “Azəraliminium” kimi ASC-lər yer ala bilər. Çünki bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərn dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.
Üstəlik 2016-cı ilin böhran büdcəsində həmin ASC-lərin xarici borclarının ödənilməsi üçün yüz milyonlarla manat vəsait nəzərdə tutulmuşdu. Əslində isə bu müəssisələr çoxdan gəlirlə işləməli və öz borclarını özləri ödəməli idi. Lakin pis menecment, korrupsiya və ayrılan vəsaitlərin düzgün xərclənməməsi kimi səbəblər üzündən dövlət ASC-ləri əslində dövlətə böyük yükə çevriliblər. Və belə görünür ki, indiki iqtisadi vəziyyət dövləti “pis aktivlərdən” yaxa qurtarmağa məcbur edir.
Özəlləşdirmə proqramına dövlət neft şirkəti SOCAR-ın da daxil edilməsi ehtimalı hazırda çox aşağı dəyərləndirilə bilər. Lakin istisna deyil ki, SOCAR-ın özü bütövlükdə olmasa da onun ayrı-ayrı strukturları, məsələn, qaz operatoru “Azəriqaz” özəlləşdirməyə çıxarılsın. Çünki “Azəriqaz”a ayrılan milyardlarla manat investisiyalara, Bakının və ətraf qəsəbələrinin qazpaylayıcı şəbəkəsinin yenidən qurulmasına baxmayaraq bu strukturda təsərrüfatsızlığı, böyük həcmdə qaz itkilərini (ildə az qala 1 milyard kubmetr) aradan qaldırmaq mümkün olmayıb.
Habelə özəlləşdirməyə çıxarılacaq dövlət akivləri arasında artıq başlamış struktur islahatları nəticəsində ləğv edilən dövlət təşkilatlarının inzibati binaları və əmlakı, onların balansında olan torpaq sahələri və s. yer ala bilər. Ancaq istər bu özəlləşdirmə proqramının hazırlanması mərhələsində, istərsə də aktivlərin satışında olduqca ölçülüb-biçilmiş iş tələb olunacaq. 90-cı illərin ortalarında olduğu kimi dövlət akivlərinin satışa çıxarılmasının bir çoxları üçün bu aktivləri talama fürsətinə çevrilməsinə yol vermək olmaz. Görünür prezident proqramın hazırlanması prosesinə beynəlxalq ekspertlərin cəlb edilməsinə dair göstərişi verərkən məhz bu amilləri nəzərdə tuturdu.
İlham Əliyevin xarici bazarlardan maliyyə vasitələrinin cəlb edilməsinə dair göstərişi də ölkə iqtisadiyyatını indiki çətinliklərdən çıxarmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Virtualaz.org bundan əvvəlki təhlillərində göstərmişdi ki, Azərbaycanın xarici borclarının aşağı səviyyədə olması qlobal iqtisadi böhranın fəsadlarını aradan qaldırmaq üçün hökumətə əlavə üstünlüklər vəd edir. Çünki hökumət indiyə qədər xarici borclanmada olduqca ehtiyatlı siyasət yürüdüb, bəzi qonşu ölkələrin, məsələn, Qazaxıstanın xarici borclar ÜDM-in həcmini az qala ötüb keçsə də Azərbaycanda xarici borclar ÜDM-in 13-14 faizi həcmindədir. Beynəlxalq praktikaya görə xarici borcun həcmi ÜDM-in 35-40 faizindən az olarsa bu, aşağı borclanma səviyyəsi hesab olunur Deməli hökumət beynəlxalq kreditorlardan maliyyə vəsaitləri cəlb edərək onu qeyri-neft sektoruna yönəldə bilər. Yenə də bir şərtlə ki, bu kreditlər olduqca effektiv xərclənsin, indiyədək alınan bir çox kreditlər kimi ayrı-ayrı oliqarxların varlanmaq mənbəyinə çevrilməsin…