!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük qələbə: Sevinək, yoxsa sevinməyək?

!Reklam – Yazi

Xaqlımızı bir yumruq edən Vətən Müharibəsi bitməsi ilə yenidən bizi cəbhələrə böldü. Bir hissəmiz böyük qələbəyə sevinirik, bir hissəmiz isə qələbəni biz yox, Rusiyanın qazandığına əmindir.

Cəmiyyətimizi ikiyə bölən suallara bir çoxu cavab verməyə çalışıb. Deyiləsi bütün arqumentlər demək olar ki, deyilib. Bununla belə, mübahisələr davam edir. Əsas mübahisə predmeti isə Rusiya Federasiyasına aid silahlı qüvvələrinin Azərbaycanda sülhməramlı missiya ilə daxil olmasıdır. Razılaşmaya istinad edərək onların 5 ildən sonra ölkəmizi tərk edəcəklərini deyənlər belə şimal qonşumuzun bu vaxta qədər apardığı siyasətə bələd olduqlarından buna özləri də əslində şübhə edirlər. Məsələ ilə bağlı mənə də çoxsaylı müraciətlər olduğundan müşahidələrimi daha geniş auditoriya üçün bölüşmək qərarına gəldim.

Təhlilimin ana xəttini regionda qüvvələr nisbətinin dəyişdirilməsi prosesinin başlanması təşkil edir. Daha açıq desək, söhbət Rusiyanın regionda təsir dairəsinin məhdudlaşdırılmasından gedir. Bu proses barədə mən hələ hərbi əməliyyatlar başlamazdan əvvəl Qərbi Kaspi Universiteti tələbələri ilə online dərs zamanı fikirlərimi bölüşmüşdüm. Politoloq-tələbələrimin xahişi ilə dərsimizin bir hissəsini Ermənistanın işğal etdiyi ərazilərimizə həsr etmişdik və Rusiya amilini təhlil edərkən bölgədə yeni geosiyasi vəziyyətin formalaşmasının ilkin siqnalları barədə müzakirə aparmışdıq.

27 sentyabr hərbi əməliyyatlar başladı və Rusiyanın neytral qalması fərziyyələrimin doğru olduğunu göstərdi. Hətta, oktyabrda atəşkəs barədə ilk Moskva anlaşması zamanı hamımızın məyus olduğu bir vaxtda sosial profilimdə “Ruhdan düşmək yox, bilmədiklərimiz bildiklərimizdən çoxdur. Qarabağın geri alınması prosesi başlayıb və davam edəcək” statusunu yazdım. Hadisələrin gedişatı göstərdi ki, proses həqiqətən də qarşısı alınmaz bir prosesə çevrilib və işğal altındakı torpaqların Azərbaycana qaytarılması ilə nəticələnəcək.

Diqqətli oxucularım burada deyə bilər ki, əgər söhbət Rusiyanın regionda təsirinin məhdudlaşdırılmasından gedirsə, reallıqda niyə bunun əksi olur? Rusiya regiondan getmək əvəzinə Azərbaycanda da hərbi mövcudluğunu təmin etmiş oldu axı?

Haqlı sualdır, ilk baxışdan belə də görünür. Amma, hadisələrin daha dərin təhlili bu vəziyyəti izah etməyə imkan yaradır.

İlk olaraq, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin imza atdıqları bəyanata bir daha nəzər yetirək. Yox, oradakı maddələri təhlil etmək fikrindən uzağam, bu günlər ərzində onu bütün peşə və ixtisas sahibləri hərtərəfli təhlil ediblər. Mən diqqəti oradakı cədvələ yönəltmək istəyirəm. Hərbi əməliyyatlar başlayandan bu yana biz Ali Baş Komandanın çoxsaylı çıxışları və müsahibələrini izləmişik. Hamısında da prezident Paşinyandan erməni silahlılarının işğal altındakı ərazilərdən çıxarılması cədvəlini tələb edirdi və bunu hərbi əməliyyatların dayandırılması üçün əsas şərt olduğunu bildirirdi. Bu onu göstərir ki, 10 noyabrda imzalanan bəyanatın mətni cədvəllə birlikdə hərbi əməliyyatlar başlamazdan əvvəl artıq Paşinyana ultimatum kimi təqdim olunmuşdu və ona izah edilmişdi ki, imzalamadığı təqdirdə işğal altındakı ərazilər silah gücünə azad ediləcək. Niyə bunu əminliklə deyirəm? Bu sənəddən və hadisələrin necə cərəyan edəcəyindən Paşinyanın xəbəri olmasını görmək üçün onun sentyabrın 27-də Ermənistan parlamentində çıxışına baxmaq kifayət edir. Paşinyan deyir: “Bizim qarşımızda seçim var, ya Arsax xalqının hüququndan imtina etməliyik, ya da müharibə etməliyik”. Paşinyan artıq o zaman bilirdi ki, başlayan hərbi əməliyyatlar əvvəlkilərdən fərqli olaraq 1-2 günlük deyil və erməni hərbi birləşmələrini Qarabağ ərazisindən qovanacan davam edəcək. Bu əminliyi də onda yaradan amil, sənədin Rusiya ilə razılaşdırılmış olması, bəlkə elə Rusiya tərəfdən ona təqdim olunmasıdır. Parlamentdəki çıxışını diqqətlə izləsək bunu açıq görə bilərik.

Qeyd etdiklərim onu göstərir ki, torpaqlarımızın işğaldan azad olunması, və müəyyən mərhələdə rus sülhməramlılarının Azərbaycana daxil olacağı əvvəlcədən Rusiya ilə razılaşdırılıb.

İndi keçək əsas mətləbə və iki əsas suala cavab verməyə çalışaq:

  • Necə oldu ki, həmişə erməniləri müdafiə edən Rusiya bu dəfə bizə torpaqlarımızı işğaldan azad etməyə imkan verdi?
  • Niyə görə, Azərbaycan hakimiyyəti qələbə yürüşünü yarısında dayandırıb rus sülhməramlılarının ərazimizə daxil olmasına razı oldu?

Birinci sualın cavabı Rusiyanın regiondan sıxışdırılması prosesidir. Rusiya Türkiyənin regiona gəlişinin qarşısını almaqda acizliyini görərək Azərbaycanla müəyyən razılaşma əldə etməyə məcbur olub. Razılaşmaya görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə nəinki razılıq verir, hətta bu işdə ona yaxından kömək etməyi öhdəsinə götürür. Bunun əvəzində Azərbaycan Türkiyənin regiona öz ərazisindən ekspansiyasını müəyyən müddətə gecikdirir.

İkinci suala gəldikdə isə, Rusiya sülhməramlılarının bu mərhələdə bölgədə olmaları bizim üçün daha əlverişlidir. Niyəsini izah etməyə çalışım. Birincisi ona görə ki, Laçın, Ağdam, Kəlbəcəri ermənilərdən onların əli ilə boşaldırıq. Heç bir tiki vermədən, təxribatla rastlaşmadan. Ermənipərəst dövlətlər bu rayonların bizim tərəfdən “təmizlənməsinə” necə reaksiya verəcəklərini izah etməyə ehtiyac duymuram. Hazırda isə bu işi öz öhdəsinə Rusiya götürüb və Azərbaycan hər hansı təzyiqdən kənarda qalmış olur. İkincisi, işğaldan azad edilmiş torpaqlarda həyatın, infrasturkturun, iqtisadiyyatın, bütün lazımi şəraitin bərpa edilməsi üçün bizə vaxt və təminatlı sülh lazımdır. Rus sülhməramlıları bu baxımdan bizə çox kömək etmiş olurlar. Niyə biz davam edərək Xankəndi, Xocalı və qalan əraziləri işğaldan azad etmədik? Razılaşmaya diqqət yetirsək görərik ki, orada hər hansı status məsələsi qeyd olunmayıb. Bu o deməkdir ki, razılaşma imza edilməklə Azərbaycan öz ərazi bütövlüyünü tam olaraq bərpa edir, birbaşa azad etmədiyimiz ərazilərimiz də Azərbaycan yurisdiksiyasına qaytarılır. Başqa bir tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizin beynəlxalq qanunlara hörmətlə yanaşdığını dəfələrlə qeyd edərək erməni əhalisinin Azərbaycan qanunlarına tabe olduğu halda yaşayış yerlərində qalmasında heç bir problem görmədiyini qeyd edir. O əraziləri rus sülhməramlılarına müvəqqəti olaraq təhvil verməklə beynəlxalq ictimaiyyətə ermənilərə yaşayış və uyğunlaşmaları üçün şərait yaratdığımızı göstərmiş oluruq. Çünki, bəllidir, heç bir etməni Azərbaycanın tam nəzarətində olan məkanda yaşamağa risk etməz.

İndi qayıdaq əvvələ, cəmiyyətimizi ikiyə bölən əsas suala: rus qoşunlarını 5 ildən sonra ərazilərimizdən çıxara biləcəyikmi?

Əminliklə deyə bilərəm ki, onları biz çıxarmayacağıq, onlar özləri çıxacaqlar, özü də, ola bilər ki, daha tez. Əminliyimi izah edim.

Şimali Atlantika Blokunun aparıcı üzvü Türkiyə silahlı qüvvələrinin Azərbaycanda yerləşməsi Rusiya üçün birbaşa təhdiddir. Tərəflər arasındakı danışıqlara görə isə, Rusiya sülhməramlıları Azərbaycanda qaldığı müddətdə Türkiyə sülhməramlıları da burada olacaqlar. Məhz bu səbəbdən, Rusiya çalışacaq ki, qısa bir müddətdə üzərinə düşən öhdəlikləri yerinə yetirərək ərazimizi tərk etsin və Şimali Atlantika Bloku üzvünün buradakı mövcudluğuna son qoysun.

Mənə verilən daha bir sual var, o da razılaşma imzalanan gün helikopter və Xırdalan üzərində vurulan raket müəmması barədədir.

Bu hadisələr barədə rəsmi məlumatların az olması qəti bir cavab verməyə imkan vermir. Bununla belə, mənə elə gəlir ki, hər iki təxribat Rusiya hakimiyyətindəki ermənipərəstlərlə bağlıdır. Bu təxribatlarla onlar sülh razılaşmasını pozaraq, Rusiyanı münaqişəyə Ermənistanın tərəfində cəlb etməyə çalışdılar. Xoşbəxtlikdən, onlar bu niyyətlərinə nail ola bilmədilər.

Vəli Əlibəyov

Siyasi Texnologiyalar Mərkəzinin prezidenti

www.yenicag.az

1912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv