İlkin enerji resurslarının sərfiyyatında artım tempi son 3 ildə minimal səviyyəyə enib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, BP şirkətinin illik statistik icmal hesabatına görə, 2016-cı ildə enerji sərfiyyatında artım 1% təşkil edib ki, bu da son dekadanın orta artım tempi olan 1,8%-dən xeyli aşağıdır.
Hesabatda bildirilib ki, neft hələ də ən çox tələb olunan enerji resursudur. Neftin qiymətinin düşməsi ona olan tələbi 2016-cı ildə 1,6% artırıb. Hasilat isə sadəcə 0,5% artım göstərib.
Qaz istehlakı 2016-cı ildə 1,5% artaraq son dekadanın orta artım tempi olan 2,3%-dən aşağı olub. Hasilat isə sadəcə 0,3% artıb.
Ən pis göstərici kömür sənayesində qeydə alınıb. Qlobal kömür hasilatı 2016-cı ildə 6,1% azalıb. İstehlak isə 1,7% azalma göstərib. Komürün dünya energetika balansında xüsusi çəkisi 28,1%-ə qədər geriləyib. Bu isə 2004 cü ildən etibarən, yəni son 12 ilin ən minimal səviyyəsidir.
Ən sürətlə arttan enerji resursu isə bərpa olunan eneri olub. 2016-cı ildə bərpa olunan enerji resurslarından əldə olunan elektrik illik müqayisədə 14,1% artıb. Bu son dekadanın orta artım tempi olan 15,7%-dən aşağı olsa da mütləq ifadədə rekortd artım qeydə alınıb. 2016-cı ildə bərpa olunan enerjidən alınan elektrikin həcmi 52,9 mln. ton və ya 386 mln. barel neftə ekvivalent olub. Bu növ enerji ən çox Asiya-Sakit Okean regionunda-60% artıb. Dünya energetika balansında isə bərpa olunan enerjinin xüsusi çəkis 6,7%-dən 7,5%-ə cüzi artım göstərib.
Atom enerjisi istehlakı isə 2016-cı ildə 1,3% artıb. Hidroenergetika 2,8% artım göstərib.