Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Məmmədov ifadə verib. O, ifadəsi zamanı bu işdən xəbəri olmadığını və təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını bildirib:
“5-6 il bundan öncə Bakıya işləməyə gəlmişəm. Hadisədən 1 il qabaq Ruhlan İsmayılovla internetdə elan saytında tanış olmuşam. O, saytda moped satmağı ilə bağlı elan qoymuşdu. Onu bu işi görən adam kimi tanımışam. Daha sonra da 2-3 dəfə onunla mopedlə bağlı danışdıq. Sonra 3-cü mikrorayonda təmir sexi açdım. Ruhlanı da bu işi bilən adam kimi çağırdım. Dedi ki, özünün durumu yaxşı deyil, taksi sürücüsü kimi fəaliyyət göstərir. 1-2 ay təmir sexində işlədi. Daha sonra işə gəlməməyə başladı. Sonra işdən çıxdı. Ancaq ayda 1-2 dəfə sexə gəlirdi. Hadisədən bir gün qabaq Ruhlan təmir sexinə gəldi. Rayondan gəldiyini, maşınının xarab olduğunu dedi. Özünün əlindən gəlirdi deyə düzəldib çıxıb getdi. Hadisə baş verən gün səhər saat 10-da evdən işə getmişdim. Ordan Babək prospektində ehtiyat hissələri satılan mağazaya gəldim. Orda olanda Ruhlan mənə zəng etdi. Dedi ki, vəziyyətim yaxşı deyil, soruşdu ki, onu evdən şəhərə apara bilərəm? Əlimdə işim olsa da, getdim. Zığa gəldim, Ruhlanən əlində paltar və sumka var idi. Rəngi ağarmışdı, çox həyəcanlı idi. Dedi onu “Torqovu”ya aparım. “Torqovu”ya çatdıq, yol tıxac idi deyə dediyi yerə tam çatmamış düşdü. Mən də sexə gəldim. 2-3 saat sonra müxtəlif nömrələrdən zənglər gəlməyə başladı. Axırda mənə Ruhlanın maşınının fotosunu göndərdilər, onu tanıyıb-tanımadığımı soruşdular. Dedim ki, bu gün görmüşəm. Gəldilər və məni Ruhlanı düşürdüyüm yerə apardılar”.
Təqsirləndirilən Azər Məmmədov hadisə ilə bağlı heç bir planda iştirak etmədiyini, hadisədən xəbərsiz olduğunu, Ruhlanın ona planı barədə hər hansı məlumat vermədiyini deyib. O, istintaq zamanı təzyiqlərə məruz qaldığını iddia edib.
Məhkəmə prosesi yanvarın 10-da davam etdiriləcək.
Xatırladaq ki, hadisə martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb./APA