Braziliyada yeni hökumət BMT-nin dekabrın 10-da qəbul edilən miqrasiya paktından geri çəkilmək istəyir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ernesto Araujo bildirib.
“Braziliya BMT-nin Mərakeşdə qəbul olunan dünya miqrasiya paktından çəkiləcək. Hesab edirik ki, bu mövcud problemlərin həlli üçün yararsız vasitədir” – deyə Araujo qeyd edib.
Braziliyalı diplomat immiqrasiya məsələsinin qlobal yox, ayrı-ayrı ölkələrin suveren hüquqlar çərçivəsində həll etməli məsələ olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Mərakeşdə keçirilən BMT-nin Hökumətlərarası Konfransı zamanı 164 ölkənin müxtəlif səviyyəli diplomatlarının iştirakı ilə “Təhlükəsiz, nizamlı və leqal miqrasiya üzrə qlobal paktı” təsdiqlənib.