Braziliyada həbsxanada iğtişaşlar – Ölənlərin sayı 57 nəfərə çatdı

Braziliyanın şimalında Para ştatının həbsxanasında iğtişaşlar baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Globo” portalı Para ştatının penitensiar xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Altamira bələdiyyəsi həbsxanasında baş vermiş kütləvi iğtişaş qeyri-qanuni narkotik dövriyyəsi ilə məşğul olan iki kriminal qruplaşma arasında haqq-hesab davasından qaynaqlanıb.

Hadisə səhər saatlarından başlayıb, günortaya qədər davam edib.

Baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, onlardan 16 nəfərin başı kəsilib və 41 nəfər tüstüdən boğularaq ölüb.

Qiyam qaldıran dustaqlar iki nəzarətçini də girov götürüb, ancaq daha sonra sərbəst buraxıblar.

Qeyd edək ki, may ayında Amazonas ştatının paytaxtının həbsxanasında baş verən iğtişaşlar nəticəsində 55 məhbus həlak olmuşdu.