Son dövrlər Azərbaycana idxal olunan nəqliyyat vasitələri arasında ənənəvi modellərin Çində istehsal olunmuş variantları çoxluq təşkil edir. Artıq paralel idxal adlanan bu biznes sahəsi rəsmi dilerləri narahat etməyə başlayıb. Lakin yaranmış problemdən çıxış yolu var. Avropanın bəzi ölkələri Çin istehsalı olan tanınmış brendlərin qeyri-rəsmi şəbəkələr vasitəsilə ölkəyə gətirilməsinə qarşı müxtəlif formalarda mübarizə aparırlar. Məsələn, bəzi Avropa ölkələri vətəndaşlar qarşısında şərt qoyur ki, Çin istehsalı olan avtomobili ölkəyə o şərtlə gətirmək mümkündür ki, ölkədə fəaliyyət göstərən rəsmi diler buna razılıq versin. Yəni gələcəkdə servis xidməti və zəmanət məsələsi kənarda qalmasın. Bəzi ölkələr isə vətəndaşa ildə bir dəfə və yalnız şəxsi istifadə üçün Çində istehsal edilmiş məşhur brendin ölkəyə gərilməsi imkanını yaradır. Azərbaycanda vəziyyət fərqlidir. Paralel idxal nəticəsində qiyməti bir qədər ucuz olan Çin istehsalı avtomobillər kütləvi şəkildə gətirilir və bu da rəsmi dilerlərdə satışları aşağı salır.
Məsələ burasındadır ki, rəsmi dilerin ölkəyə gətirdiyi avtomobillərə görə ödənişləri yüksəkdir. Yəni, avtomobilin ölkəyə gətirilməsi, rəsmi zəmanətlə satılması, satışın rəsmi qaydada həyata keçirilməsi zamanı ortaya çıxan vergilər, servis xidməti və digər vacib məqamlar burada rol oynayır. Üstəlik, rəsmi servislərdə yüzlərlə işçi çalışır. Bu zaman ortaya sual çıxır; qeyri-rəsmi şəbəkələr vasitəsilə gətirilib ucuz satılan bu maşınlar dövlətə nə qədər ziyan vurur? Azərbaycanda bu sahəyə dövlət nəzarəti varmı? Rəsmi dillerlər və fiziki şəxslər tərəfindən idxal edilən minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi necə aparılır?
Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin Proqnoz və Daxilolmalar İdarəsinin Aksiz və Yol vergiləri şöbəsinin rəisi Türanə Xanbabayeva Avtosfer.az-a açıqlamasında bildirib ki, “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük ödənişləri ödənildikdən, ticarət siyasəti tədbirləri tətbiq edildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılması həyata keçirilir:
“Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən, gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada baş tutur.
Bəs rəsmi dillerlər və fiziki şəxslər tərəfindən idxal edilən minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük ödənişləri arasında fərq varmı?
Türanə Xanbabayeva deyir ki, rəsmi dillerlər və fiziki şəxslər tərəfindən idxal edilən minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük ödənişlərinin hesablanması qaydası eynilik təşkil edir. Gömrük Məcəlləsinin 224-cü maddəsinin tələblərinə əsasən bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən mallara idxal-ixrac gömrük rüsumları və Vergi Məcəlləsinə əsasən gömrük dəyəri, aksiz vergisi və idxal gömrük rüsumu cəminin 18%-i həcmində əlavə dəyər vergisi tətbiq olunur. Həmçinin, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcmi”nin təsdiq edilməsi haqqında Qərarına əsasən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat məbləğində utilizasiya haqqı və Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən gömrük dəyərindən asılı olaraq gömrük yığımları alınır”.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarın qanunvericiliyə əməl etməklə xarici iqtisadi münasibətlərdə iştirak etmək hüququ var. İstənilən sahibkarlıq subyekti ölkəyə mal idxalını sərbəst şəkildə həyata keçirə bilər. İstehlakçılar da öz növbəsində sərbəst seçim əsasında istehsalçı, satıcı və icraçı ilə müstəqil şəkildə müqavilə bağlaya bilərlər. Bu zaman qanunvericilik istehlakçıların aşağıdakı hüquqlarının həyata keçirilməsinə təminat verir:
– malların və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi;
– istehlak etdikləri malların lazımi keyfiyyətdə olması;
– malların təhlükəsiz olması;
– malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək;
– lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların vurduğu zərərin ödənilməsi;
– öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, satıcı istehlakçıya malın qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi qaydaları barəsində zəruri və düzgün məlumat verməlidir. Belə məlumatların verilməməsinə görə satıcı inzibati məsuliyyət daşıyır.
Bundan başqa, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Əgər əşya üçün zəmanət müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Əgər malda qüsurlar varsa və bu qüsurlar alıcıya verilməzdən əvvəl və ya həmin vaxt yaranıbsa, bu halda satıcı qüsurlara görə cavabdehdir.
İstehlakçılara öz məqsədlərinə yarayan və keyfiyyətli mal əldə etmək, eləcə də gələcəkdə yarana biləcək neqativ halların qarşısını almaq üçün daha diqqətli olmaları, satıcılardan malın əsas xüsusiyyətləri, istehlak xassələri, istifadə qaydaları, zəmanət müddəti və s. kimi vacib məlumatları tələb etmələri tövsiyə edilir.
İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar məhkəməyə, eyni zamanda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Dövlət Agentliyinə rəsmi internet səhifəsi – https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif, elektron poçt – [email protected] və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət etmək mümkündür.
Göründüyü kimi, rəsmi dilerlər bir avtomobilin ölkəyə gətirilməsi zamanı dövlətə daha artıq ödənişlər edir, çünki onun müştəri qarşısında zəmanət və servis xidmətinə dair öhdəlikləri yaranır. Qeyri-rəsmi şəbəkələrin gətirdiyi avtomobili aldıqda isə sadə bir sənəd hazırlanır ki, bu da əmlakı əldə edən şəxsə gələcəkdə yarana biləcək hər hansı problemi aradan qaldırmaqda geniş imkan vermir. Paralel idxal zamanı əldə edilən nəqliyyat vasitəsində hər hansı ciddi qüsur aşkarlandıqda onu əldə edən şəxs satan şəxslə məhkəmələrdə sürünməlidir. Rəsmi diler isə satdığı maşına görə rəsmi qaydada məsuliyyət daşıyır. Ciddi qüsur aşkarlandıqda dərhal aradan qalıdırılır. Qeyri-rəsmi şəbəkələrdən əldə olunan nəqliyyat vasitəsində isə ciddi istehsal və digər qüsurlar aşkarlandıqda satan şəxs hər hansı məsuliyyət daşımır. Onunla ancaq məhkəmələrdə mübahisə edərək zərəri qarşılmaq mümkündür ki, bu da aylarla, hətta illərlə vaxt itkisidir. Odur ki, məşhur brendlərin Çin versiyasını alarkən diqqətli olmaq lazımdır.