Briqam Yanq Universitetinin bir qrup tələbəsi Milli Məclisdə oldu

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Briqam Yanq Universitetinin bir qrup tələbəsi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, Adil Əliyev qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib. Amerikalı tələbələrə Milli Məclis haqqında məlumat verən A.Əliyev parlamentin formalaşması, strukturu, fəaliyyət istiqamətləri haqqında danışıb, onun beynəlxalq əlaqələrindən, beynəlxalq təşkilatlarda təmsilçiliyindən bəhs edib. Qonaqlara Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasəti, ölkəmizin tolerantlıq ənənələri, həmçinin dünyada idman ölkəsi kimi də tanınması barədə məlumat verilib.

Milli Məclis sədrinin müavini, eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığını, işğal dövründə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini, ölkəmizin bu problemi dinc yolla həll etmək üçün 30 il səbirlə danışıqlar apardığını, nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdiyini, ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyini tam təmin etdiyini diqqətə çatdırıb. O, bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə də məlumat verib.

Adil Əliyev tələbələrə Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrindən, ölkədə uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb, müasir dünyada mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tələbələrin sualları cavablandırıldıqdan sonra onlar parlamentin inzibati binası ilə tanış olublar.

COP29