Britaniya Müdafiə Nazirliyinin 19 dekabr tarixli kəşfiyyat icmalına əsasən, Kursk vilayətində döyüş əməliyyatları zamanı Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçiləri arasında ciddi itkilər qeydə alınıb.
Yenicag.az xəbər verir ki, kəşfiyyat icmalı KXDR hərbçiləri ilə rus qoşunları arasında zəif əməliyyat uyğunluğuna da diqqət çəkib.
Kəşfiyyat məlumatlarına görə, Kursk bölgəsində təxminən 11 min KXDR əsgəri yerləşdirilib. Bununla belə, icmalda qeyd olunur ki, bu qoşunlar yalnız taktiki uğurlar əldə ediblər.
Britaniya kəşfiyyatı bildirir ki, Rusiya və KXDR qüvvələri arasında qarşılıqlı fəaliyyət ciddi problemlərlə üzləşir.
“İki qüvvənin ortaq dili yoxdur və Şimali Koreya qoşunları Rusiyanın komandanlıq və nəzarət strukturuna inteqrasiya etməkdə çətinlik çəkirlər”, – deyə məlumatda vurğulanıb.
Rusiya və Şimali Koreya 2024-cü il dekabrın 4-də qüvvəyə minən Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində ikitərəfli münasibətləri daha da genişləndirib. Kəşfiyyat hesab edir ki, Rusiya üçün Ukraynada müharibə zamanı Şimali Koreyanın hərbi dəstəyi, əsasən, KXDR-dən gələn silah tədarükü ilə bağlı olub. Bu əməkdaşlıq Şimali Koreyaya beynəlxalq səviyyədə dəstək və sanksiyaları pozmaq üçün əlavə ticarət tərəfdaşlığı qazandırıb.
Pentaqon hesab edir ki, Ukrayna hərbçiləri Kursk bölgəsində KXDR qoşunlarının əhəmiyyətli hissəsini sıradan çıxarıb. Ukrayna tərəfi bildirir ki, son əməliyyatlarda Şimali Koreya və Rusiya əsgərləri arasında ölənlərin və yaralananların sayı artır. Bu günlərdə Ukrayna ordusu tərəfindən yayımlanan video və fotolarda Kursk vilayətində öldürülən rus və Şimali Koreya əsgərləri göstərilib.