Londonda fəaliyyət göstərən “The New Arab” nəşri Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı geniş məqalə dərc edib.
Yenicag.az xəbər verir ki, məqalədə ötən ay törədilmiş ölümcül hücumun 1979-cu il inqilabından sonra Tehranda adi hala çevrilmiş xarici diplomatik missiyalara hücumlardan hələlik sonuncusu olduğu qeyd edilib. Vurğulanıb ki, yanvarın 27-də baş vermiş bu hücum iki ölkə arasında əlaqələrin pisləşməsinə çox böyük təsir edib.
“İnsident zamanı səfirliyin təhlükəsizlik xidmətinin rəisi qətlə yetirilib, daha iki əməkdaş yaralanıb. Cavabında Bakı Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmaqda tərəddüd etməyib və bütün səfirlik heyətini ailələri ilə birlikdə təxliyə edib. Azərbaycan Prezidenti İlham Əliyev bunu terror hücumu adlandırıb və onun hökuməti İranı təhlükəsizliklə bağlı daha əvvəl qaldırılan narahatlıqlara cavab verməməkdə günahlandırıb”.
Məqalədə qeyd edilib ki, İran tərəfindən həm xarici işlər naziri, həm də digər yüksək vəzifəli rəsmilər hücumun ailə-məişət zəminində baş verməsində israr ediblər, lakin onların iddiaları Bakıdakı həmkarları tərəfindən tənqid edilib.
“2020-ci il Qarabağ müharibəsindən sonra iki ölkə arasında gərginlik yüksək həddə olub. Müharibədən sonra İran Azərbaycanı İsrailə öz ərazisindən İrana qarşı casusluq fəaliyyətləri göstərməyə icazə verməkdə ittiham edib. Cavabında Bakı Tehranı Azərbaycandakı terrorçu qrupları dəstəkləməkdə günahlandırıb. Daha sonra isə Azərbaycan səfirliyinə hücum baş verib”, – deyə məqalədə bildirib.
Məqalədə qeyd edilib ki, İranın digər ölkələrlə siyasi gərginlikləri onların səfirliklərinə hücumla nəticələnir:
“İranın digər ölkələrlə siyasi gərginliyinin onların Tehrandakı səfirliyinə hücumla nəticələnməsinin uzun tarixi olduğu üçün bu insident də çox şübhəli görünüb. Azərbaycan səfirliyinə basqın İranda diplomatik missiyaların hədəfə alınması zəncirinin sonuncu halqası idi”.
Yazıda İranda xarici diplomatik missiyalara hücum ənənəsi ilə bağlı geniş məlumata yer verilib.
“Tehrandakı səfirliklərə hücumlar 1829-cu ilin fevralında Rusiya səfirliyinin qarət edilməsi ilə başlayıb. Hücum İranın bugünkü Ermənistan, Gürcüstanın bir hissəsi və Azərbaycandan böyük əraziləri itirməsi ilə nəticələnmiş İkinci Rusiya-İran müharibəsinin (1826-1828) başa çatmasından cəmi bir il sonra baş verdi. Səfirliyin işğalı insanların Rusiya səfirliyi qarşısında toplanması ilə başladı. Rusiya səfiri Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən silahlı döyüş və səfirliyin talan edilməsi ilə başa çatdı. Rusiya səfirinin qətlə yetirilməsindən sonrakı 150 il ərzində İranda heç bir səfirlik hədəfə alınmayıb. Bu, 1979-cu il inqilabı ilə dəyişdi və bundan sonra Tehrandakı səfirliklərə hücumların tezliyi və sayı kəskin şəkildə artdı”.
Qeyd olunub ki, 1979-cu ilin 11 fevralında şah rejiminin çökməsindən cəmi üç gün sonra ABŞ-nin Tehrandakı səfirliyi solçu silahlılar tərəfindən hücuma məruz qaldı. Bundan bir ay sonra – 26 mart 1979-cu ildə üzünü Fələstin şərfi ilə bağlamış 50 gənc kişi 1979-cu il İsrail-Misir sülh razılaşmasına etiraz olaraq Tehrandakı Misir səfirliyinə hücum edib: “O vaxtdan bəri İran və Misir heç vaxt siyasi əlaqələri bərpa etməyiblər”.
Qeyd olunub ki, bundan sonra 20-ci əsrin ən çox bilinən səfirlik hücumu baş verib:
“4 noyabr 1979-cu il, saat 10:00-da özlərini “İmamın xəttinin müsəlman tələbə ardıcılları” adlandıran radikallar ABŞ səfirliyinə hücum ediblər və Vaşinqtondan çevrilişdən sonra ABŞ-də qalan şahın təhvil verilməsini tələb ediblər. Hücum İranın birinci ruhani lideri Ruhulla Xomeyninin tam dəstəyini alıb. 444 günlük bu girov böhranı müvəqqəti hökumətin çökməsi, İran və ABŞ arasında siyasi əlaqələrin kəsilməsi və islamçıların ölkədə daha çox siyasi quruma nəzarəti ələ keçirməsi ilə nəticələnib. O vaxtdan bəri Tehrandakı xarici diplomatik missiyalara hücum radikal islamçıların vərdişinə çevrilib.
Həcc ziyarəti zamanı şiə etirazçıların Səudiyyə polisi ilə qarşıdurma nəticəsində öldürülməsinə etiraz olaraq 1 avqust 1987-ci ildə Səudiyyə Ərəbistanı və Küveytin səfirlikləri hücuma məruz qalıblar. Hücum nəticəsində bir Səudiyyə diplomatı öldürülüb, Küveyt səfirliyinə od vurulub və Ər-Riyad on ildən çox bir müddətə Tehranla siyasi əlaqələrini kəsib”.
Məqalədə qeyd edilib ki, praqmatik mühafizəkar olan Əkbər Haşimi Rəfsəncani (1989-1997) və islahatçı Məhəmməd Hatəminin (1997-2005) prezidentliyi dövründə Tehrandakı diplomatik missiyalar təhlükəsiz və sakit dövr yaşayıb:
“Lakin bu, 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçkisində qalib gəlməsindən sonra dəyişib. 6 fevral 2006-cı ildə 400 Bəsic silahlısı Məhəmməd peyğəmbərin Danimarka qəzeti “Jyllands-Posten”də karikaturasının dərc edilməsinə etiraz olaraq Tehrandakı Danimarka səfirliyinə “Molotov kokteyli” ilə hücum edib. Silahlılar eyni zamanda Avstriya səfirliyinə də hücum etsələr də, binaya daxil ola bilməyiblər.
Pakistan isə diplomatik missiyası hücuma məruz qalan daha bir müsəlman ölkəsi olub, lakin bu, güclü olmayıb. Hücum 2009-cu ilin fevralında Pakistanda İran diplomatının öldürülməsinə etiraz edən bir qrup ruhaninin liderliyi ilə baş tutub. 2009-cu ilin iyununda Əhmədinejadın yenidən (prezident) seçilməsindən sonra İrana beynəlxalq təzyiq və sanksiyalar artıb. 29 noyabr 2011-ci ildə Bəsic İranın şimalındakı və Tehranın mərkəzindəki Britaniya diplomatik missiyalarına hücum edib. Polisin heç bir müqaviməti olmadan diplomatik binalara daxil olan silahlılar Britaniya bayrağını endirib, idarələri qarət edib, kraliçanın başıaşağı tutulmuş portreti ilə şəkil çəkdirib və səfirliyin bağçasında camaat namazı qılıblar. Cavabında Böyük Britaniya Tehrandakı səfirliyini bağlayıb və İranın bütün diplomatlarını ailələri ilə birlikdə ölkədən çıxarıb”.
Qeyd olunub ki, 2016-cı ilin 3 yanvar tarixində Səudiyyə Ərəbistanının səfirliyi növbəti dəfə hədəf alınıb. Bu zaman hücumun motivasiyası şiə ruhani şeyx Nimr əl-Nimrin Səudiyyə həbsxanasında edam edilməsi olub.
Məqalədə vurğulanıb ki, İran tərəfi girov böhranına səbəb olan hücum istisna olmaqla qalan bütün hücumların “adi etirazçılar” tərəfindən törədildiyini və hökumətlə əlaqəsi olmadığını bəyan edib. Bununla belə, Britaniya səfirliyinə hücumdan sonra İcmalar Palatasında çıxış edən Britaniyanın sabiq xarici işlər naziri Viliam Heyq İran rəsmilərinin səfirliyi qoruya bilməməsi və ya bu cür addımın rejimin cüzi də olsa, icazəsi olmadan baş verə bilməsi fikrinin xəyalpərəstlik olduğunu deyib. /Apa/