Böyük Britaniya parlamentində ötən gün keçirilmiş “Breksit” səsverməsində Birləşmiş Krallıq üçün rekord müəyyən edilib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniya parlamentində ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı hazırlanmış ikitərəfli sazişin lehinə 202, əleyhinə isə 432 səs qeydə alınıb.
Məlumata görə, Britaniya tarixində hələ heç bir hökumət hər hansı qanun layihəsi və ya sazişin səsverməsi zamanı bu qədər fərqlə (230 səs) məğlub olmayıb.
Səsvermənin nəticələri Britaniyanın Aİ-dən çıxması məsələsində ciddi qeyri-müəyyənlik yaradıb. Həm ölkə daxilindən, həm də xaricdən verilən reaksiyalarda Londonun “Breksit” haqqında mövqeyinin qısa müddətdə dəqiqləşdirilməsi istənilir.
Bu məsələni şərh edən Aİ Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, qəti qərarın qəbulu üçün çox az vaxt qalıb:
“Mən Birləşmiş Krallığı öz mövqeyini tezliklə qətiləşdirməyə çağırıram. Vaxt demək olar ki, qalmayıb”.