Britaniyada təhsil alan gənclərimiz Diaspor Komitəsində oldular

Böyük Britaniyanın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alan və yay tətilini ana vətəndə keçirən bir qrup gənc Diasporla İş üzrə Dövlət Komitəsində olub, komitə sədri Fuad Muradovla görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən xəbərə görə, gəncləri salamlayan komitə sədri Diaspor Gənclərinin Yay Düşərgələri, “1+1”, “Liderliyin inkişafı” proqramları və rəhbərlik etdiyi qurumun həyata keçirdiyi bir sıra digər layihələr, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti haqqında geniş məlumat verib, gənclərin təhsili, gələcək planları, yerli cəmiyyətlə və xaricdəki soydaşlarımızla əlaqələrinin hansı səviyyədə olması ilə maraqlanıb.

Tələbələr şəbəkələşmə imkanları, onlayn platformalarda həyata keçirə biləcəkləri layihələr, ölkəmizin tanıdılması və yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmanın üstünlükləri barədə danışıblar.

Görüşdə Böyük Britaniyada yaşayan azərbaycanlı gənclərin şəbəkələşməsi, Azərbaycan tarixi və mədəniyyətinin, milli adət-ənənələrimizin təbliği, Qarabağda aparılan bərpa-quruculuq işlərinin dünyaya çatdırılması və digər mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb, gənclərin təklifləri dinlənilib.

Tələbələrə bildirilib ki, Komitə onların yay tətilini daha maraqlı və səmərəli keçirmələri üçün Azərbaycanın elm, mədəniyyət, idman sahəsindəki tanınmış və nüfuzlu şəxslərlə görüşlərinin təşkil olunmasına, ölkəmizlə bağlı xarici dildə kitab, jurnal və digər vəsaitlərin əldə edilməsinə, faydalı və maraqlı layihələrinin həyata keçirilməsinə kömək etməyə hazırdır.