Britaniyanın Leyboristlər partiyasının lideri parlamentə yenidən üzv seçilib

Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbin Londonun Şimali İslinqton dairəsi üzrə keçirilən səsvermənin nəticələrinə görə böyük fərqlə qələbə qazaraq parlamentə yenidən üzv seçilib.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, hazırda leyboristlər 145, mühafizəkarlar isə 124 mandat əldə ediblər.

Müstəqil namizədlər 13 yer, Şotlandiya Milli Partiyası 19, Liberal Demokratik Partiyası 3 mandat əldə edib. Səslərin hesablanması davam etdirilir.

Ceremi Korbin baş nazir Tereza Meyi səsvermənin nəticələrinin Mühafizəkarlar partiyası üçün qeyri-məqbul olması ilə əlaqədar istefa verməyə çağırıb: “Baş nazir xalqın etimadını itirib, bu istefa üçün kifayətdir”.

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib, Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.

Yenicag.az