Brüssel görüşü: “Əsas məsələlər Moskvada Putinin moderatorluğu ilə həll olunacaq” – Sabiq dövlət müşaviri

“Brüsseldəki görüş sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyası üçün heç nə vəd etmir”.

Bunu Azərbaycan prezidenti İham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutacağı görüşə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, sülh və sərhədlərin delimitasiya və demarkasiyası məsələsi Moskvada həll olunacaq:

“Brüssel görüşü sülhyaratma prosesinə müəyyən töhvələr verə bilər, əsas məsələlər Moskvada Putinin moderatorluğu ilə həyata keçiriləcək. Qərb dövlətləri Ermənistanı Rusiyanın cazibə qüvvəsindən çəkib, bütövlükdə sülhyaratma prosesinə özləri nəzarət etmək istəyirlər. Qərbin niyyəti ATƏT-in Minsk qrupunu yenidən dövriyyəyə qoşmaqdır. Ona görə də Paşinyan Soçidə üçtərəfli görüşü boykot elədi. Ancaq Moskvada görüş mütləq baş tutacaq. Moskvadakı görüşdə, zənnimcə, bütün məsələlər öz həllini tapacaq. Ola bilsin ki, Brüseldə də müəyyən fikir mübadiləsi aparılacaq. Ancaq orada hər hansısa sənədə imza atılacağı gözlənilmir. Çünki bu, Avropa Birliyi ilə Tərəfdaşlıq sazişinə girən ölkələrin sammitidir. Sammitdə Avropa Birliyinin təşəbbsü ilə iki lider arasında görüşü təmin etmək mümkün olub. Burada əsas rolu oynayan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir, o da fransızdır. O da daha çox ermənipərəst adamdır.

Sərhədlərin delimitasiya və demarkasiyası, komunikasiyaların açılması məsələsi Putinin iştirakı ilə həyata keçiriləcək”.

Səxavət Məmməd