Brüssel görüşü: “Qarşı tərəf üzərinə düşən öhdəlikdən boyun qaçırmasa…” – ŞƏRH

“Üçtərəfli formatda baş tutan Brüssel görüşü Azərbaycan üçün gözləniləndən daha çox verimli oldu”.

Bu fikiəri dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrini dəyərləndirən beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı bildirib ki, İlham Əliyevin NATO Baş katibi ilə görüşü də diqqətçəkən olub:

“Burada əsas diqqət çəkən məqam prezident İlham Əliyevin NATO Baş katibi ilə görüşməsi oldu. Çünki bu barədə əvvəlcədən məlumat verilməmişdi. Prezident burada xatırlatdı ki, Azərbaycan NATO-ya üzv 20 ölkəni enerji ilə təmin edir”.

Analitik qeyd edib ki, görüşün nəticələri yaxın vaxtlarda müşahidə ediləcək:

“Üçtərəfli görüşdən sonra Ermənistan tərəfinin öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etməsi böyük nailiyyətdir. Əgər qarşı tərəf üzərinə düşən öhdəlikdən boyun qaçırmasa, o zaman, İlham Əliyevin dediyi kimi, Laçın dəhlizi məsələsi də gündəmə gəlməyəcək. Ümumilikdə onu deyə bilərəm ki, əgər şifahi də varsa, razılıq əldə olunubsa, deməli, bunun nəticələrini yaxın vaxtlarda görəcəyik”.

Aqil Bəkir