Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti başa çatdı – VİDEO

Brüsseldə “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans başa çatıb.

Konfransı Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bağlı elan edib.

***

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının mənzil qərargahında “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi şərəfinə Yüksək Səviyyəli Konfrans başlayıb.

Konfrans Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə keçirilir.

Konfransda “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları, Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri, 34 ölkədən olan vətəndaş cəmiyyəti, biznes nümayəndələri, gənclər və jurnalistlər iştirak edirlər.

Konfransda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da çıxış edəcək.

Yüksək Səviyyəli Konfrans zamanı iştirakçılar proqramın mövcud olduğu 10 il ərzində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək, eləcə də onun gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.

***

Xəbər verdiyimiz kimi, dünən Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyinin bayram edilməsi tədbirləri başlayıb. Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna bu günlərdə həmin tarixi bir sıra tədbirlərlə qeyd edirlər. Dünən Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə rəsmi görüşlər və rəsmi nahar keçirilib.

Bu gün Avropa Komissiyasının binasında yüksək səviyyədə konfrans gözlənilir. Konfransda tərəfdaş ölkələrin dövlət və hökumət başçıları, Aİ-nin üzvü olan ölkələrin xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin üzvləri, biznes-liderlər, 34 ölkədən jurnalistlər iştirak edəcəklər.

Bundan əlavə, tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və Avropa Komissiyasının digər üzvləri iştirak edəcəklər. Tədbir ilk onillik ərzində bu tərəfdaşlığın necə inkişaf etdiyini müzakirə etməyə, regionda fəaliyyət göstərən və ya bu siyasi strukturda bilavasitə iştirak edən əsas əlaqədar tərəflərin nümayəndələrinin geniş çevrəsində onun gələcəyinin necə olacağı barədə fikir mübadiləsi aparmağa imkan verir.