Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Büdcə parazitləri öz işlərindədirlər - Aygün Muradxanlı yazır

Büdcə parazitləri…
Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf “Azərbaycan biznes mühiti ən yaxşı olan ölkələrin sırasında yer alır” deyib, qınağa tuş gəlib. Adam baxır sağına, görür, hər məmurun obyekti var, baxır soluna, görür, məmurların işləri yağ kimi gedir, kimin əlinə babat büdcə pulu keçir, pulun təyinatını qoyur bir tərəfə, vəsaiti yönəldir şəxsi biznesinin inkişafına, ordan gələn gəlirlə pulun təyinatı üzrə işlərin 20-30 faizini yerinə yetirir, dartır prosesi növbəti büdcə ilinə.
İşin 70 faizi qalıb axı…o kabinetdən bu kabinetə, o xahişdən bu xahişə, axırı yeni büdcədən də pul alır… yönəldir öz biznesinə. İldən-ilə biznes böyüyür, çiçəklənir… İndi gözü ilə bunlara şahid nazir müavini vətəndaş içərisinə eyni vaxtda maksimum 3 nəfər yerləşən məhəllə dükanı açmaq üçün 20 qapıda, 20 nəfərin “bığının altından” keçir, qazandığı 5-3 manatı da sahə müvəkkilindən, yanğın nəzarəti, vergi, icra hakimiyyəti işçiləri ilə bölməyə məcbur edilir deyə, deməlidir ki, Azərbaycanda biznes mühiti bərbaddır, iş görmək istəyənləri peşman edib, canından, ölkəsindən bezdirirlər? Deməz axııı… Onun dayandığı yerdən Azərbaycanda biznes mühiti çiçək kimidir.
Azərbaycandakı biznes mühiti həm də onunla unikaldır ki, büdcə oğrularına çox az hallarda “gözün üstə qaşın var” deyən olur. Qara maskalı qəhrəmanların bir neçə rayonun icra hakimiyyətlərində əməliyyat keçirməsinin dışında kim cəzalanıb ki? Büdcə parazitləri öz işlərindədirlər. Sakitcə işdən çıxarılanlarla bağlı tədbir görüldüyünü də görmədik…
Nizami Rayonu İH-nin keçmiş başçısı Arif Qasımov işdən çıxarılanda əmlakınını uzuuuuuun siyahısını dərc etməyən media qalmadı. Nələr yox idi siyahılarda? Saysız-hesabsız mənzillər, villalar, tikinti şirkətləri, restoranlar, şadlıq sarayları, daş karxanaları, istixanalar… Siyəzəndən, Binəqədidən, Nizami rayonuna qədər iri ticarət obyektləri… Kim reaksiya verdi yazılanlara? Nə özündən, nə hökumətdən bir açıqlama görmədik.
Bu boyda biznes imperiyasını Qasımov, ya ondan heç də geri qalmayan o biri icra başçıları, geniş səlahiyyət sahibi məmurlar nəylə yaradırlar? Təbii, büdcəni talamaq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə. Yəni cinayət yolu ilə.
Bəs, niyə bu “şanslı” məmurlar etdikləri üçün cavab vermirlər? Onları kim himayə edir?
Lüks ev alqı-satqısı saytlarında heç vaxt indiki kimi “bolluq”, “bərəkət”olmayıb… Minlərlə bahalı mülk satışa çıxarılıb. Maraq üçün 1-2 əmlakçıya zəng etdim, açıq-açıq deyirlər – filan icra başçısınındır, yiyəsi SOCAR-da işləyir, filan məmurundur. Bu cah-cəlal sahiblərinin 99 faizi büdcə oğrularıdır. İndi “artıq yük”dən qurtulmaq istəyirlər. Qiymətlər “göz yaşardır”… 5 milyon, 3,5 milyon… Hanı Azərbaycanda bu qədər paranı qazanmaq üçün istehsal sahələri? Hanı fabriklər, zavodlar? Azərbaycanın necə bir ölkə olduğunu başa düşən hər kəsə aydındır ki, bütün bunlar neft pullarına başa gəlib.
Kim necə bacarıbsa tayalıb. İndi bu haqda təkcə aşağılar deyil, ən yuxarılar da danışır. Sabunçu rayonunda Bakının ən bahalı torpaqlarının, Xəzərin ən gözəl sahillərinin önəmli hissəsi yerləşir. Bilgəh, Nardaran, Ləiş bağları, Pirşağı… Son illərdə yol infrastrukturunun inkişafı, xidmət, ticarət obyektlərinin yaradılması üçün neçə layihə həyata keçirilib. Harda yeyinti, qara iş var, orda Sabunçu İcra Hakimiyyətinin barmağı çıxır. Təkcə yol infrastruktunun yenilənməsi məqsədilə əhalinin köçürülməsinə milyonlarla pul ayrılıb və… mənimsənilib. İcra hakimiyyətinin başçısının qohum-əqrəbasından ibarət “özəl heyət”i vətəndaşların köçürülməsi zamanı o qədər haqsızlıq edib ki, bundan sonra min yetimə ev bağışlasa, gündə min qurban kəssə, onu bağışlayan olmaz.
10 manata görə kasıbın işlığını kəsən, biznes imperiyası haqqında əfsanələr dolaşan “Zirəli Balobba” – “Azərenerji”nin böyüyü Balababa Rzayev barmağını qatlasın görək, hansı məmurun borcuna görə işığını kəsib?
Bir zümrə də var – burda biznes qurmağı şəninə sığışdırmayıb, ölkənin pullarını xaricə daşıyanlar. Hamısının iri oliqarx, məmur “arxası” var. 2-3 “sərfəli” tenderlə əllərinə milyonlarla para keçirib ölkdən daşıyıblar. Sənin, mənim, bizim cibimizdən oğurlayıblar. Zor-xoş onlar oğurladıqları pulları Azərbaycana gətirməlidirlər. Bütünlükdə, qurucu kapitalın qaynağı göstərilməyən bütün biznes strukturları, əmlaklar sahibinə qaytarılmalıdır – milliləşdirilməlidir. Bütün qara işlərin “ustadı” Rusiya Federasiyası belə ötən həftə bu əmlakların pensiya fonduna keçirilməsi haqqında qanun qəbul etdi. Bir dəfə də Rusiyanın yaxşı təcrübəsindən yararlanaq.
Azərbaycan o zaman vətəndaşın arzu etdiyi hüquq dövləti olacaq ki, ölkədə məmur büdcə oğurluğunun dövlətə xəyanət olduğunu dərk edəcək. Dövlətə xəyanəti bizim beynimizə çox yanlış olaraq yalnız hakimiyyətə qarşı çıxmaq və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq kimi yeridiblər. Kökündən yanlışdır. Dövlətə xəyanət dövlət büdcəsinə əl uzatmaqdır, millətin malını oğurlamaqdır. Çünki bu əməl dövlətin təməlini sarsıdır. Ona görə də, Azərbaycan Cinayət Məcəlləsində korrupsiya dövlətə xəyanət kimi tanınmalıdır, büdcə oğruları bu ittihamla mühakimə edilməli, onların övladlarına, ailə üzvlərinə hakimiyyətdə təmsilçilik qadağan edilməlidir.
COVID təmizlik mesajı verir dünyaya. Söhbət yalnız cismin dezinfeksyasından getmir. Cəmiyyətlərin, dövlətlərin də dezinfeksiyaya ehtiyacları var. Büdcə pullarına daraşan parazitləri məhv eləmək üçün.

www.yenicag.az

588
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100