“Bu amil Ərdoğanı NATO-dan çıxmağa vadar edə bilər” – Amerikalı ekspert

“Türkiyə Qərbin Yaxın Şərq siyasətində mühüm faktor olaraq, qalmaqdadır”.

Bu fikirləri Yenicag.Ru-ya müsahibəsində ABŞ-ın nüfuzlu politoloqlarından biri, Rusiya üzrə tanınmış tədqiqatçı Qordon Han deyib.

– ABŞ Rusiyaya qarşı yeni sanksiyalar zərfini qəbul edib. ABŞ-Rusiya münasibətlərinin inkişafını necə görürsüz, bu gərginlik nəyə gətirib çıxaracaq?

– Əgər prezident Tramp yeni sanksiyaları nəzərdə tutan qanuna veto qoymasa, münasibətlər daha da pisləşəcək. Ancaq sanksiyalar məsələsi iki ölkə arasında münasibətləri gərginləşdirən əsas məqam deyil. Tərəflərin “Gözə göz” tipli sanksiyaları mövcud atmosferi korlayır və Vaşinqtonla Moskva arasında etimadsızlığı dərinləşdirir.

Əsas təhlükə ondadır ki, tərəflərdən biri (yəqin ki ABŞ) digəri üçün vacib olan məsələlərə asimmetrik reaksiya verəcək. Buna misal olaraq, ABŞ-ın Ukraynaya dağıdıcı “müdafiə” silahları verə biləcəyini göstərmək olar. Hər halda, bu, məsələn, Rusiyanın ABŞ-ı özünün kosmik fəaliyyətindən kənarlaşdırmaq qərarından sonra baş verə bilər.

İki ölkə arasındakı əsas problemlərdən biri də NATO-nun genişləndirilməsidir. Bu proses Avropa İttifaqının genişləndirilməsi, o cümlədən, ABŞ-ın demokratiya ixracı, rejimlərin dəyişdirilməsi – “Amerika inqilabçılığı” ilə birgə gedəcək. Bu məqamların iki ölkə arasında münasibətləri hətta müharibə riskinə qədər gərginləşməsi mümkündür.

– Tramp administrasiyası haqqında fikriniz nədir? ABŞ-ın siyasi isteblişmenti onu niyə hələ də qəbul etmir?

– Dərin kök atmış elitar iqtisadi-siyasi maraqlar və mədəni cərəyanlar Trampın Rusiya ilə münasibətlərini normallaşdırmaq niyyəti önündə əsas maneələrdir. Bundan başqa, Demokratlar partiyası seçkilərdəki məğlubiyyəti üzündən daha da radikallaşır və korrupsiyalaşır.

Eyni zamanda, burada irqi faktor da var. Demokratlar Vladimir Putinin timsalında nifrət etdikləri respublikaçı ağdərili heteroseksual kişiləri görürlər. Ancaq bu o demək deyil ki, Putin Qərbtipli mühafizəkardır – o, bir rus ənənəçisidir. Bu, o anlama gəlir ki, Demokratlar partiyasının tərəfdarları Putini məhz belə görürlər.

– ABŞ və Türkiyənin indiki münasibətlərini necə qiymətləndirirsiz? Bildiyiniz ki, bu ölkələrin Suriya kürdlərinə yönəlik mövqeləri kəskin fərqlənir…

– Onların münasibətləri “təmizlənmə” mərhələsindədir. Nə Vaşinqton, nə də Brüssel Türkiyəni ittiham etmək, avtoritarizm və Rusiya ilə yaxınlaşması səbəbindən onun NATO-dan kənarlaşdırılması məsələsini qaldırmaq istəmir.

Türkiyə əvvəlki kimi Qərbin Yaxın Şərq siyasətində çox mühüm amil olsa da, Ankaranın fəaliyyəti artıq təftiş edilməkdədir. Maraqlıdır ki, Polşa və Macarıstandakı nisbətən zəif avtoritar tendensiyalar daha kəskin tənqid olunur.

– Türkiyənin ABŞ-dan uzaqlaşaraq Rusiya və İranla yaxınşalacağı gözlənilirmi?

– Ankaranın Suriya ilə İraq siyasəti sayəsində bu uzaqlaşma artıq baş verib. Ərdoğan dönəmində bu tendensiya Avropaya münasibətdə daha da genişlənə bilər. Ərdoğan Türkiyədə yumşaq avtoritar nizam yaratmağa çalışdıqca, bununla ölkəsinin NATO-dan xaric edilməsi ehtimalı arasında balansı saxlamaq məcburiyyətindədir.

NATO tərəfindən tənqidlər və Rusiya-Çin ittifaqının yaradılmasına yönələn təhdidlər, Belarus prezidenti Lukaşenkonun Qərb və Rusiya arasında balanslı siyasət aparmaq cəhdinə bənzəyir. Bu, nəticə etibarilə Ərdoğanı NATO-dan çıxmaq, yaxud da NATO-nu Türkiyəni blokdan kənarlaşdırmaq məcburiyyətinə gətirə bilər.

– Obamadan fərqli olaraq, Tramp İrana qarşı sərt mövqe tutub. Tehran da öz növbəsində nüvə anlaşmasını tərk edəcəyi ilə hədələyir. ABŞ-İran münasibətlərinin gələcəyini necə görürsüz?

– Trampın antoqonist administrasiyasının Tehrana qarşı reallıqda necə davranacağı hələ məlum deyil. Bir tərəfdən Trampın məmurlarının və yüksək vəzifəli şəxslərin İranla bağlı çıxışları olduqca sərtdir. Lakin Tramp administrasiyasından o da etiraf olunub ki, İran nüvə anlaşmasına riayət edir. Bu, Rusiya, İran və Şimali Koreyaya sanksiyalar tətbiq etmək üçün səbəb ola bilər. Yəni ABŞ-ın İranla nüvə anlaşmasına fərqli yanaşması, hətta sonda Tehran əleyhinə sanksiya tətbiq etməsi mümkündür.

Yenicag.Az

COP29