“Bu, balanslaşdırılmış iqtisadi-siyasi münasibətin göstəricisidir” – ŞƏRH

“Azərbaycan bəzi ölkələrlə dostluq münasibətlərini davam etdirmək üçün bu addımı atmırdı”.

Bunu Milli Məclisdə müzakirə olunan “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanuna münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan addım-addım səfirliyin açılmasına nail olmaq üçün yaxınlaşır:

“Atılan addım xarici və daxili siyasətin nəbzini yoxlamağa xidmət edir. Gec-tez İsraildə Azərbaycan səfirliyi açılmalı idi. Azərbaycanın İsraildə ticarət və turizm nümayəndəliyi açılmasını xatırlatmaq istəyirəm. Səfirliyin açılmasına nail olmaq üçün bu cür addım-addım yaxınlaşmaq lazımdır.

Azərbaycan səfirlik açmayacağı ilə bağlı öhdəlik götürməyib. Səfirliyimizin bu zamana qədər İsraildə açılmamasına siyasi səbəblər təsir edib. Azərbaycan bəzi ölkələrlə dostluq münasibətlərini davam etdirmək üçün bu addımı atmırdı. Digər bir səbəb isə Azərbaycanın İsraillə əlaqələrinin inkişaf etdirilməməsi idi.

Son dövrlər İranın Azərbaycanla münasibətlərdə atdığı addımlar gərginliyə səbəb olur. Azərbaycanın səfirlik məsələsi İrana qarşı müəyyən siyasi dəyişikliklər edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxışlarında xarici təsirlərə qarşı səssiz qalmayacağımızı dəfələrlə vurğulayıb.

Fələstində nümayəndəliyin açılması Azərbaycana qarşı təhdidlərin aradan qaldırılmasına xidmət edəcək. İsraillə olduğu kimi Fələstinlə də iqtisadi-siyasi əlaqələrimiz normal olacaq. Bu balanslaşdırılmış iqtisadi-siyasi münasibətin göstəricisidir. Atılan bu addımlar Azərbaycanın sülh, əmin-amanlıq şəraitində yaşamasına xidmət edir”.

Nəsimi Ələsgərli