“Bu dəqiqə mətbuatda çoxları fikirləşir ki, bizim pulumuzu kim verəcək?” – Qulu Məhərrəmli

“Hesab edirlər ki, Prezident Administrasiyasında bir məsul şəxs olmalı, mətbuata göstərişlər verməlidir…”

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi partiyaların rəhbərləri ilə Prezident Administrasiyasında davamlı görüşlərin keçirilməsi fonunda ölkə mediasının vəziyyəti ilə bağlı analoji müzakirələrin aparılmamasına münasibət bildirən
teletənqidçi, professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmli bildirib ki, siyasi partiya liderləri ilə Prezident Administrasiyasında keçirilən görüşlər mətbuatda fərqli təqdim olunur:

“Siyasi partiya rəhbərləri Prezident Administrasiyasına çağırıldı” kimi yanaşma doğru deyil. Onlar “Prezident Administrasiyasına dəvət olundu” ifadəsi isə normalıdır. Ancaq mətbu oraqnların çoxu bunu “çağırıldı” kimi işıqlandırdı.

Kimləri dəvət ediblər, onlardan neçəsi real siyasi qüvvəni təmsil edir, bunlar mübahisəli məsələlərdir. Amma bunlara baxmayaraq, ümumiyyətlə, cəmiyyətdə danışıq, dialoq ab-havasının olması yaxşıdır.

Siyasi partiyalarla mətbuatı eyniləşdirmək olmaz. Çünki siyasi partiyalar arasında fərqli mövqelər, düşüncələr, fikir ayrılıqları var. Təbii, siyasi partiyalarla dialoqun qurulması müsbət hadisədir. Düzdür, bunun formal olduğunu deyənlər də var. Ancaq hesab edirəm ki, cəmiyyətdə dialoq havasının olması yaxşı haldır”.

Qulu Məhərrəmli hesab edir ki, mətbuatın mütləq qaydada “yuxarı”dan idarə olunmasının vacibliyinə yönəlik düşüncə və gözləntilər yanlışdır:

“Mətbuatın öz funksiyası var, o, cəmiyyəti doğru-düzgün məlumatlandırmalıdır. Ancaq bizim mətbuat son 15-20 ildə, xüsusilə, KİVDF-dən pul ayrılandan sonra ələbaxımlığa öyrəndi. Yaradıcılıq prosesi kənarda qalıb, araşdırmalar yoxdur… Bax, media belə bir əcaib vəziyyətə düşüb. Azərbaycan mətbuatı nə ictimai rəyə təsir gücündədir, nə də cəmiyyəti irəli apara bilir.

Bu dəqiqə media deyəndə, çoxları düşünür ki, Mətbuat Şurası göstəriş verməlidir, mətbuatı idarə etməlidir, Prezident Administirasiyasında bir məsul şəxs olmalıdır, mətbuata göstərişlər verməlidir… Bu cür yanaşmanın özü mətbuat üçün qəbulolunmaz bir tərzdir.

Bir çoxları bu dəqiqə düşünür ki, bizim pulumuzu kim verəcək, bizə evi kim verəcək? Ona görə də, bu gözləmə məqamı mətbuatı mənəvi cəhətdən şikəst edir. Mətbuatda müəyyən islahatlar aparılmalıdır. Ən azı 90-cı illərin ortalarındakı səviyyəni bərpa etmək olar. Mətbuat özünü dirçəltmək üçün ayaq üstə dayanmalıdır”.

Səxavət Məmməd