“Ölkəmizdə 20-yə yaxın dondurma istehsalçısı olsa da, onların az qismi ciddi standartların tələblərinə cavab verməklə dondurma istehsal edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında isti havaların gəlişi ilə artan dondurma satışı və dondurma alarkən diqqət olunması lazım olan məqamlardan danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, dondurmanı qəbul edəndə qaymaq dadı verməlidir.
“Vətəndaşlar bilməlidir ki, dondurma tez həll olunan, yüksək kalorili süd məhsuludur. Ona görə də dondurmanı qəbul edəndə o qaymaq dadı verməlidir. Əksər hallarda dondurmanın istehsalında kakos yağı istisna olmaqla, kərə yağından istifadə olunmalıdır. Bəzən onu yeyəndə boğaza acılıq verir. Bu o deməkdir ki, həmin dondurmanın istehsalında kərə yağından deyil, digər yağlardan istifadə olunub.
Azərbaycanda kakos yağından hazırlanan dondurmalar da istehsal olunur. Ölkəmizdə 20-yə yaxın dondurma istehsalçısı olsa da, onların az qismi ciddi standartların tələblərinə cavab verməklə dondurma istehsal edirlər”, – deyə o əlavə edib.
E.Hüseynov insanların bütün hallarda yerli dondurmalara üstünlük vermələrini tövsiyə edir.
“Ölkəmizə xarici ölkələrdən də dondurma idxal olunur. Bir çox xarici ölkədə istehsal olunan dondurmaları alanda istehlakçılar əvvəlcə onun etiketinə fikir verməlidir. Buraxılma tarixi ilə yararlılıq müddəti arasında müddət azdırsa, həmin məhsula üstünlük versinlər. Dondurmanın qabı əzilibsə, bu onu göstərir ki, xaricdən gələn həmin dondurmanın donu açılıb, yenidən dondurulub. Bu, artıq çirklənmiş dondurmadır. Vətəndaşlar belə məhsul almaqdan imtina etməlidirlər. İnsanların bütün hallarda yerli dondurmalara üstünlük vermələrini tövsiyə edirəm. Çünki yerli məhsul daha çox ekoloji təmiz olur, nəinki xaricdən gətiriən dondurmalar”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, məhsulu alan zaman etiketinə, buraxılma və son yararlılıq müddətinə, istehsal edən firmanın əlaqə nömrəsinin olub-olmamasına xüsusi diqqət yetirmək lazımdır:
“Dondurma yeyərkən şübhə yaradırsa, vətəndaşlara AQTA-ya məlumat vermələrini tövsiyə edirəm.
Açıq satılan dondurmalar gəlincə, meyvəli dondurmalarda diqqətli olmaq lazımdır. Çünki belə dondurmalardan zəhərlənmək ehtimalı da var. Dondurmanı çox qəbul etmək də məsləhət görülmür”.
İsmayıl Bakuvi