!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu dövlət qurumu imtahanların təşkilinə xərc çəkmədən böyük pullar qazanır” – VİDEO

!Reklam – Yazi

“Əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 16-da nəzərdə tutduğu sınaq imtahanında iştirak üçün 40 manat ödəniş tələbini şərh edən təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, DİM-in hazırkı fəaliyyəti qənaətbəxş deyil və sınaq imtahanlarının qiyməti 10 manatdan yüksək olmamalıdır:

“Dövlət İmtahan Mərkəzi (DİM) yaranandan sonra bakalavr səviyyəsində qəbul imtahanlarına giriş kartı və sınaq imtahanlarında iştiak üçün 40 manat müəyyən edilib.

Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 30 manatdır. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları iştirakçılara verilmir. Əgər iştirakçı həmin vəsait üçün bütün xərcləri ödəyibsə, deməli, sual kitabçası da onda qalmalıdır.

Yəni belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz o məhsulu mənə vermirsiniz. Bu, birinci uyğunsuzluqdur”.

Əsədov hesab edir ki, ikinci uyğunsuzluq sınaq imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərclərlə bağlıdır:

“Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat pul ödənilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Yoxlayan ekspertə isə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər.

18 səhifəlik sual kitabçasında vərəqin birinə 0,2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanmasına üçün 220 manat pul sərf olunur. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır. 1 sual kitabçası düzəldirlər, imtahanda isə 40 min nəfər iştirak edir. Təsəvvür edin ki, bu məbləğ də onun arasında bölünür.

Əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz. Burada isə kifayət qədər ciddi rəqəm alınır. Yəni imtahanda 40 min nəfər iştirak edirsə, onu 40 manata vurun və görün, hansı məbləğ ortaya çıxır…

Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik, sınaq imtahanında istifadə olunan test tapşırıqları da təzə deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz başa gəlib”.

Təhsil eksperti bildirir ki, fevralın 16-na nəzərdə tutulan sınaq imtahanı ilə bağlı yerlər tam dolmayıb. Bunun səbəbi isə qeydiyyat sisteminin olduqca çətinləşdirilməsidir:

“Digər tərəfdən də, qiymət bahadır. Təhsilə xidmətdən söhbət gedirsə, bu məbləğ 10 manatdan yüksək olmamalıdır. Sınaq imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur.

Bu da doğru hal deyil. Sınaq imtahanlarının qiyməti 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb. Belə ki, 2016-cı ilə qədər sınaq imtahanı 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 manat oldu. Nə qədər resurs cəlb etməyindən asılı olmayaraq, sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz.

Ölkədə rəsmi imtahan keçirən bir qurum olduğu üçün hazırda bazara həm qiymətlərlə, həm də imtahan nəticələri ilə bağlı diktə edən yeganə qurumun olması yaxşı deyil. Mütləq alternativ bir qurum da imtahan keçirməlidir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Sınaq imtahanında iştirak üçün nəzərdə tutulan məbləğ 40 manatdır.

Gülşən Şərif

www.yenicag.az

1115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv