Bu ərazilərdən qoşunlar çıxarılır? – “Rusiya Ukraynanın tələsini başa düşüb”

“Rusiya Ukraynadan qoşun çıxarmaq yerinə hücumlarını gücləndirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ukrayna Kursk istiqamətinə əməliyyatlar keçirsə də, Rusiyanın Ukraynada hücumlarını davam etdirməsini şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya Ukraynanın tələsini başa düşüb.

“Ukraynanın Kursk əməliyyatlarını həyata keçirilməsinin ilk günündən Rusiya bildirdi ki, bu onlar üçün təhlükə törətmir. Rusiya Ukraynanın niyyətini bildi. Ukrayna düşünürdü ki, ruslar qoşunları hücum istiqamətindən geri çəkəcək və onlar hansısa əraziləri işğaldan azad edəcəklər. Gördüyümüz kimi, belə olmadı. Əsas qüvvələr öz yerində qaldı. Kursk istiqamətində xidmət edənlər çağırışçılar idi. Bundan əlavə, başqa qurumların təhlükəsizlik xidmətinin qoşunları Kursk istiqamətinə cəlb oldu ki, onlar döyüş aparsınlar. Rusiya Ukraynadan qoşun çıxarmaq yerinə, hücumlarını gücləndirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsi rusların əlinə keçdi”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, iddialar səsləndi ki, ruslar Ukrayna cəbhəsindən bəzi qüvvələri çıxarıb.

“Bəli, xüsusi hərbi hissələrin bəzilərini çıxardılar. Bunu Rusiya da təsdiq etdi. Əsas döyüş aparan quru qoşunları və xüsusi təyinatlılar yerində qaldı.

Hesab edirəm ki, ruslar Ukrayna cəbhəsində hücumlarını davam etdirəcək. O ki qaldı Kursk istiqamətinə, rusların tələsəcəyini gözləmirəm”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

COP29