İrəvanın Roma Statutuna qoşulması Ermənistan-Rusiya münasibətlərinə birbaşa ziyan vurur.
Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bir sıra rusiyalı məmurun həbsi üçün Haaqada verilmiş kvazi orderlər fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə təkcə simvolik deyil, həm də kifayət qədər praktiki olaraq birbaşa ziyan vurur”, – o bildirib.
M.Zaxarova vurğulayıb ki, Ermənistanın BCM ilə əməkdaşlığı bəzi beynəlxalq hüquq normalarının möhkəmlənməsinə töhfə verə bilsə, bu, bəlkə də başa düşülə və hətta alqışlana bilər. Lakin onun sözlərinə görə, bu “psevdoməhkəmə”nin iki onillik iş təcrübəsi bəzən bunun əksini deyir:
“BCM heç bir münaqişənin həllinə kömək etməyib. Dəstək və əməkdaşlığa hazırlıq bəyanatı yalnız qondarma “məhkəmə”ni yeni avantüralara həvəsləndirir”.
Qeyd edək ki, Ermənistan rəsmi olaraq 2024-cü ilin fevralında Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub. Ermənistan XİN başçısı Mirzoyan isə 2 dekabrda Haaqaya gedib və ilk dəfə BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edib.