“Bu, Ermənistanla Rusiya arasında münasibətləri birdəfəlik dəfn edəcək”.
Yenicag.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Leonkov erməni mediasına müsahibəsində deyib.
O, Ermənistanın KTMT-dən çıxa biləcəyi, eləcə də Ukrayna prezidenti Volodimir Zelenskinin Cənubi Qafqaz regionuna gözlənilən səfəri ilə bağlı münasibətini bildirib.
“Paşinyan qəfil hərəkətlər etmir. Ona görə ki, görünür, siyasətçi kimi öz gələcəyinə tam arxayın deyil.
Çünki vəziyyət elədir ki, o, iki od arasında oynayır. Əgər Qərb nəhayət, Rusiyaya qarşı Ukraynada uduzsa, o zaman onun qərarı, necə deyərlər, tələsik olacaq və bu da ona baha başa gələcək.
Amma Paşinyan hələ də seçim etmir. O, bir proqrama əməl edir, onun xatirinə hakimiyyətə gətirilib.
Yəni əsas vəzifə Ermənistanı Rusiya ilə birlikdən təcrid etməkdir. Və onun iştirakı ilə Ermənistanda baş verən bütün bu hadisələr anqlosaksların arzuladığı nəticəyə gətirib çıxaran və gətirəcək mərhələli addımlardır”, – ekspert hesab edir.
Politoloqun fikrincə, Ermənistanın diqqətini dəyişməsi hətta ABŞ nümayəndə heyətlərinin bu ölkəyə səfəri zamanı da aydın olub. Vəziyyət Avropa İttifaqının Ermənistanın Avropaya inteqrasiya proseslərinə daxil edilməsi təklifləri ilə tamamlanıb.
“Amerika Birləşmiş Ştatlarının nümayəndələri Ermənistana gələndə hamı deyirdi ki, Ermənistan KTMT-dən çıxacaq və çox güman ki, Rusiya ilə bütün əlaqələri pozacaq.
Bundan başqa, indi Borrelin ağzından Avropa İttifaqından Ermənistana təkliflər edilib.
Bütün bu təkliflər Ukraynaya edilən təklifləri xatırladır. Onlar vizasız gediş-gəliş,yəni Avropa İttifaqı ölkələri daxilində sərbəst gediş-gəliş vəd edir.
Orda deyilir ki, Ermənistan qardaş ailəyə daxil olacaq. Avropa dövlətlərinin namizədi kimi, lakin eyni zamanda Aİ-nin rəhbərliyi altında bütün missiya və əməliyyatlarda iştirak edəcək”, – Leonkov bildirir.
Xuraman Etibarlı