!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu filmlərə azyaşlılar niyə buraxılır? – İntim səhnələr, qeyri-etik ifadələr və ... 5 yaşlı uşağın qəhqəhəsi....

!Reklam – Yazi

Bu gün uşaqların düzgün böyüməsində, yaxşı tərbiyə almasında ailənin rolu danılmazdır. Uşaq evin güzgüsüdür axı… Amma təəssüflər olsun ki, biz bu güzgüdə çox vaxt özü hələ böyüməyən valideynlərin səhlənkarlığını, məsuliyyətsizliyini görürük. Nəticədə, aqressiv, ərköyün və təkəbbürlü, “atam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə böyüyən Gənclik yetişir.

Gənclik dedik, bu günlərdə şəhərin ən gur yerində yerləşən, “Gənclik Mall” ticarət mərkəzinin “Cinemaplus” kinoteatrında gördüklərimizi xatırladıq. Məsələ ondadır ki, şəhərin digər kinoteatrlarında olduğu kimi burada da azyaşlı uşaqların baxması qadağan olunmuş filmlər nümayiş olunur. Və sözsüz ki, ağlı başında olan, övladının psixi və əxlaqi durumunu düşünən valideyn belə filmlərə uşağını gətirməz. Amma… gördüklərimiz bizi sözün əsl mənasında mat qoydu. Və bir daha əmin olduq ki, bu gün bəzi valideynlərin özünün hələ böyüməyə ehtiyacı var.

İstirahət günü olduğundan sözügedən məkanda adam da çox idi. Afişalara nəzər saldıq və “3 Badam 1 Qoz” adlı filmi izləməyə qərar verdik. Xatırladaq ki, filmə yaşı 12-dən az olan uşaqların baxması qadağası vardı və bu barədə də afişada qeyd olunmuşdu. Amma təəccüblüsü o idi ki, bilet almaq istəyənlər arasında valideynləri ilə gələn azyaşlı uşaqlar daha çox idi. Hamısı da bir ağızdan adıçəkilən filmi izləmək istədiyini deyirdi. Növbəmiz çatdı və biz kassaya yaxınlaşıb, (kassir Hacıyeva Günel idi – red.) 2 bilet istədik.

Bileti alan zaman kassirlə qısaca söhbət etdik…

Bayaqdan fikir verirəm , azyaşlı uşaqların hamısı bu filmə baxmağa gəlib. Hamısına da bilet satırsınız. Ancaq afişada yaş məhdudiyyəti qeyd edilib. Bəs 12 yaşından kiçik uşaqlara niyə bilet satırsınız?

Hamısı valideynləri ilə gəlib. Biz “satmırıq”, deyə bilmərik. Valideyn özü görür ki, biletin üzərində və monitorda “12+ “ yazılıb. Zəhmət çəkib, almasın. Əgər valideyn buna diqqət etmirsə, günah bizdə deyil, onlardadır. Özünüz görürsünüz də bizim elə də vaxtımız yoxdur. Xahiş edirəm, bileti götürün. Mənim artıq vaxtım yoxdur, söhbətə icazə vermirlər.

Kassirdən uzaqlaşıb, azyaşlı övladlarına bilet alan bir-iki validynlə həmsöhbət oluruq.

Niyə övladlarınızı maraqlı cizgi filminə deyil, məhz yaş məhdudiyyəti qoyulan kinonu izləməyə gətirmisiniz?

Bu film də maraqlıdır. Qadağa qoyulsa da, gülməli komediyadır. Uşaqdır da 5 gün oxuyur, 1 gün də dincəlsin. Öz yanımda izləyir də, məndən gizlin gedib baxmır ki. Deyirsiniz, filmə yaş qadağası qoyulub? Əgər qadağa qoyulubsa, biz bileti alanda satmasınlar. Onlar bizə desin ki, “bilet azyaşlılara satılmır”. İndi kimsə pul qazanmaq üçün susursa, bizim nə günahımız?

Sizin günahınız odur ki, uşağınızı bu cür filmlərə gətirməklə onu vaxtından tez ayıldırsınız…

İndiki uşaqlar onsuz da vaxtından tez ayılıblar (gülür). Bizim vaxtımız getdi. O vaxt bizi bir konfetlə də aldatmaq olardı, indi görün bu uşaqların birini konfetlə aldada bilərsiniz? (uşaqları göstərir) Onlar bizi susuz aparıb, susuz gətirərlər. Siz nəyi qoyub, nə axtarırsınız? İndi hər şey texnologiya üzərində qurulub. Televizorda, internetdə hər şey açıq-aşkar nümayiş olunur. Bir filmə baxmaqla və ya baxmamaqla nə dəyişəcək ki?! İndiki uşaqları heç nədən yayındırmaq olmur. Əvvəllər bizə söz deyəndə utanardıq, indikilərə bir söz deyirsən, ikincisini deməyə artıq özün qorxursan. Ona görə də heç nə deyə bilmərəm. Gedək, görək, filmimiz necədir…

Söhbəti yarımçıq qoyub, iki azyaşlı uşaqları ilə zala tərəf gedir. Kənarda dayanıb, valideynini gözləyən balaca qızcığazla söhbət etməyə başlayıram. Onun adı Ləmandır, 7 yaşı var, II sinifdə oxuyur…

Ləman, niyə məhz o filmi izləmək istəyirsən?

Nə bilim (gülümsəyir). Mamam “padruqası” ilə danışanda, o dedi ki, bu yaxşı kinodur. Anam da dedi ki, gedib baxacam. Bu gün şəhərdə gəzdik, indi də bura gəldik. Mən mamamla bu “3 Badam 1 Qoz”un anonsuna “YouTube” baxdıq, xoşumuza gəldi. Orda “açkili” oğlan var ey, o çox gülməlidir. Gəlmişəm ona baxım.
Ləmanın anası bileti alıb, bizə yaxınlaşır. Qızı ilə söhbət etdiyimi görüb, mənə tərs-tərs baxır və söhbətimizi yarımçıq qoyub, uşağın əlindən tutub uzaqlaşır.

Filmin başlamasına az qaldığına görə biz də zala daxil oluruq. Sıraların hamısı tutulub. Zalda böyüklərdən çox uşaqlar var. Kino başlayır. Bir saatdan çox davam edən filmdə həm maraqlı, həm də açıq-saçıq səhnələr yer alıb. Film haqqında təəssüratlarım çox mənfidir. Çünki filmdə qeyr-etik ifadələr səslənir, intim səhnələr göstərilir. Və düşünəndə ki, bütün bunları zaldakı azyaşlılar da izləyir, məni onların valideynlərinin əvəzinə xəcalət təri basır. Ancaq deyəsən, bu narahatlıq bir mənə aid idi. Çünki zalda əyləşən analar uşaqlarının filmdəki qeyri-etik ifadələri yüksəkdən deyərək, gülüşdüklərini veclərinə belə almır, hətta arada onlara qoşulub qəhqəhə də çəkirdilər.

Məni isə bir məsələ narahat edirdi: görəsən bu gün gördüklərimin günahkarı kimdir? Valideynlər, uşaqlar, yoxsa o kassir qız? Əgər “12+ “ işarəsi həm monitorda, həm də biletin üzərində yazılırsa, onda valideynlər niyə buna laqeyd yanaşır? Ya da bu qadağa varsa niyə biletlər rahat şəkildə satılır? Yox əgər satılacaqsa, onda “ 12+” yazısına gərək varmı?

Nəhayət, film yekunlaşdı. Hamı zalı tərk etdi. Çıxışda 5-6 yaşlı qızının boynuna şərf dolayan ananın sözləri məni bir daha heyrətləndirdi: “gələn həftə də səni “Ağa Natiq”ə baxmağa gətirəcəm”…

Bilməyənlərə isə deyim ki, “Ağa Natiq” filminə də 12+ yaş məhdudiyyəti qoyulub.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv