Mütəmadi olaraq ərzaqların istehsal tarixləri ilə bağlı nöqsanlara rast gəlirik.
Bəzən elə olur ki, bu gün marketdən alınan ərzağın istehsal tarixi yerində sabahkı günün tarixi qeyd olunur.
Yenicag.az xəbər verir ki, “Halal Bərəkət” nişanlı süd məhsullarının satışı ilə məşğul olan şirkət də belə nöqsanlara yol verir.
Məsələ burasındadır ki, martın 25-də marketdən kəsmik alan müştəri istehsal tarixinə baxarkən orada 26 mart 2019-cu il yazıldığını görüb.
Qeyd edək ki, bu, “Halal Bərəkət”in ilk belə nöqsanı deyil. Məsələ burasındadır ki, daha əvvəllər də Bakı şəhəri, Sabunçu rayonunda yerləşən sexdə dövlət qurumları tərəfindən aparılan araşdırmalar zamanı “Halal Bərəkət”in nöqsanlarına rast gəlinib. Məlum olub ki, süd məhsullarının istehsalı ilə məşğul olan sözügedən şirkət texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlanmış, xammal və istehsal olunmuş məhsulların temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl etmir.
Aparılan dövlət nəzarəti tədbirləri nəticəsində məhsulların markalanmasının da standartlara cavab vermədiyi müəyyən edilib. Belə ki, məhsullar üzərində onların saxlanma şəraiti, yararlılıq müddəti, tərkibi haqqında təhrif olunmuş məlumatlar göstərilib.
Reseptura üzrə yararlılıq müddəti 10 faiz yağlı xamada 72 saat, 3,2 faiz yağlı qatıqda 14 sutka, dovğada 14 sutka, ayranda 72 saat olduğu halda, hər birində əsassız olaraq 20 sutka qeyd edilir.
Emin Səfərov