Bu gün AVRO-2020-nin əsas mərhələsinin püşkatması olacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılacaq.

Yenicag.az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların da adları bəlli olacaq. Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə seçmə mərhələdən çıxanlar səbəbtlərdən ilk üçündə, Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar dördüncüsündə olacaq.

Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat mərhələsinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyənləşib.

Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.

İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland qərarlaşıb. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya daxil ediib. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi yer alacaq.

Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)

A qrupu: İtaliya (ev sahibi)

B qrupu: Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika

C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə (ev sahibi), C Liqasının qalibi

E qrupu: İspaniya (ev sahibi), B Liqasının qalibi

F qrupu: Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq./Report/