Bu gün növbəti tam Ay tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, tutulmanı Sakit Okean ərazisindəki məntəqələrdən bütünlüklə müşahidə etmək mümkün olacaq.
Qərbi Avropa, Yaxın Şərq və Afrika ölkələri istisna olmaqla, digər dünya ölkələrinin sakinləri tutulmanı tam (əsasən Şimali Amerika, həmçinin Avstraliyanın, Çinin və Yaponiyanın bir hissəsi) və ya qismən (Cənubi Asiya və Şərqi Avropa) görə biləcəklər: “Təəssüf ki, Azərbaycan ərazisindən bu tutulmanı görə bilməyəcəyik. Buna baxmayaraq, bu maraqlı Ay tutulması haqqında məlumat veririk. 2014-cü ildəki 4 tutulmanın 2-si Günəş (29 apreldə həlqəvi və 23 oktyabrda qismən Günəş tutulması olmaqla), 2-si isə Ay tutulmasıdır. 8 oktyabrdakı Ay tutulması 2014-cü ilin ikinci tam Ay tutulması olmaqla yanaşı, 2014-2015-ci illərdə baş verəcək 4 ardıcıl tam Ay tutulması seriyasından da ikincisidir. Bu cür tam ardıcıl tutulmalar seriyası “tetrad” adlanır. Ardıcıl olaraq növbəti tam Ay tutulmaları 2015-ci ilin 4 aprel və 28 sentyabr tarixlərində baş verəcək. 1-ci isə 2014-cü ilin 15 aprel tarixində müşahidə olunmuşdu”.
E.Babayevin sözlərinə görə, Ay tutulması Yer ərazisinin təqribən yarısından müşahidə oluna bilər (tutulma anında Ay üfüqün üzərində olduqda; məhz 8 oktyabr tutulmasında Azərbaycan üçün Ay üfüqdən aşağıda olacaq). Tutulan Ayın görünüşü müxtəlif müşahidə nöqtələrində təqribən eynidir. Ay tutulmasının ən maksimal tutulma fazasının müddəti 108 dəqiqə təşkil edir (sonuncu dəfə 2000-ci ilin 16 iyul tarixində müşahidə olunub). 8 oktyabr tutulmasında bu, 58 dəqiqə təşkil edəcək.
8 oktyabr Ay tutulması Bakı vaxtı ilə 13:17-də başlayacaq (yarımkölgə tutulması), 15:27-də tam tutulma fazasına girəcək, 15:55-də tam Ay tutulması baş verəcək, 16:22-də tam tutulma, 18:32-də isə yarımkölgə tutulması bitəcək. Tutulma haqqında ətraflı əyani məlumat almaq üçün aşağıdakı linklərə baxmaq olar: http://shadowandsubstance.com/, http://www.youtube.com/watch?v=wmCK2Pfsh0Y&feature=player_detailpage
Tutulma vaxtı Ay heç də yoxa çıxmır və tünd-qırmızı rəngdə olur. Yer atmosferində səpilən Günəş şüalarının qırmızı-narıncı hissəsi (Yer atmosferi spektrin bu hissəsi üçün daha şəffaf olduğundan) qismən Ayın səthinə çatır və onu tünd-qırmızı rəngə boyayır. Bu, Yerdə dan yeri söküləndə müşahidə edilən şəfəqə də bənzəyir. Maraqlıdır ki, Ay tutulması zamanı Ay səthində müşahidəçi olsaydı, oradan tam Günəş tutulmasını (Yerin Günəşin qarşısını tutması səbəbindən) görərdi.
Ay tutulmasının baş verməsi üçün 2 mühüm şərtdən biri “bədirlənmə”dir. Hər il ən azı 2 Ay tutulması baş verir, lakin Ayın və Yerin orbitlərinin müstəviləri üst-üstə düşmədiyindən, onların fazaları fərqlənir. Tutulmalar əvvəlki ardıcıllıqla 18 il 11 gün və təqribən 8 saatdan bir təkrar olunur və bu period Saros adlanır. Bu isə konkret məntəqə üçün növbəti və ya keçmiş tutulmaların tarixini müəyyənləşdirməyə imkan verir və tarixi tədqiqatlar üçün mühüm mənbə olur.
8 oktyabr tutulmasını görə bilmək şansımız olmasa da, 8-9 oktyabrda maksimumuna çatan Drakonid meteor yağışını (hava şəraiti imkan verərsə) müşahidə etmək olar.