Bu gün Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.

Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin – od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Qeyd edək ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.