“Bu gün baş verənlər Türkiyə üçün növbəti keçid mərhələsidir” – Keçmiş nazirin ŞƏRHİ

“Eyni zamanda, lirə ilə bağlı vəziyyətə Qərb ölkələrinin təsirlərini də unutmaq lazım deyil”.

Bu fikirləri Türkiyə lirəsi ətrafında yaranmış vəziyyətin mümkün inkişafını dəyərləndirən keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu proseslər ötüşdürüldükdən sonra Türkiyə daha güclü dövlətə çevriləcək:

“Əlbəttə ki, Türkiyənin milli valyutası olan lirənin ətrafında yaranmış vəziyyət müəyyən narahatlıq doğurur. Amma hər kəs Türkiyənin kifayət qədər böyük potensiala malik olduğunu nəzərdən qaçırmamalıdır.

Eyni zamanda, lirə ilə bağlı vəziyyətə Qərb ölkələrinin təsirlərini də unutmaq lazım deyil. Türkiyənin ətrafında elə proseslər yaradırlar ki, onların üzündən Suriyada, Liviyada, başqa ölkələrdə hərbi iştirakı genişləndirmək, ölkənin milli maraqlarını qorumaq üçün xərc tələb edən siyasət yürütmək zərurəti qaçılmaz olur. Bütün bunlar sözsüz ki, maliyyə durumuna təsirsiz ötüşmür.

Mənə belə gəlir ki, bu, Türkiyə üçün növbəti keçid mərhələsidir. Yəni bu proseslər ötüşdürüldükdən sonra Türkiyə daha güclü dövlətə çevriləcək, sosial-iqtisadi durum tam sabitləşəcək. Türkiyənin ümumi potensialına bələd olan şəxs kimi, mən buna inanıram. Həm də Türkiyə belə sınaqlarla ilk dəfə deyil ki üzləşir…

Məsələn, biz 90-cı illərdə Türkiyəyə gedəndə bir stəkan çay üçün o vaxtkı nominalda bir milyon lirə ödəyirdik. Yəni Türkiyə o günlərdən keçərək indiki qüdrətinə yetişib. İnşallah, Turan birliyinin gerçəkləşməsi ilə Türkiyə daha da güclənəcək”.

A.Zeynalov