Tarix amansızdır. Güclü olanlar onun yazarı, zəif olanlar isə mürəkkəbi olur. Dünya isə vərəqdir, güclülər zəiflərin qanı ilə tarix yazar!
Bu gün 15 Noyabr – Türk tarixi üçün önəmli gündür. 35 il əvvəl – 1983-cü ilin elə məhz 15 noyabrında adında, özündə Türk sözü olan daha bir dövlət – Şimali Kipr Türk Cümhuriyyəti müstəqilliyini elan etdi.
Savaşın, beynəlxalq təzyiq və ədalətsizliyin hökm sürdüyü, türk dünyasının təklənərək küncə sıxıldığı, bu gün müstəqil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi türk dövlətlərinin SSRİ-nin işğalında yaşamağa məhkum edildiyi bir dönəmdə, günəşin batdığı qərbə günəş kimi doğmağı bacardı.
Elə isə Yenicag.az Şimali Kipr Türk Cümhuriyyəti barədə müəyyən məlumatları diqqətinizə çatdırır.
1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılır. 15 noyabr 1983-cü ildə isə Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi əməliyyat nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edir.
Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də vardır.
Ölkənin müstəqilliyini bu gün yalnız bir dövlət – Türkiyə Cümhuriyyəti qəbul edir. Düzdür, müstəqillik elan olunun ilk vaxtlarda Pakistan və Banqladeş kimi ölkələr onu tanısa da, sonradan beynəlxalq aləmdə aparılan kampaniya və təzyiqlər səbəbindən bu qərarlarından imtina edirlər. Geriyə Şimali Kipri müstəqil bir ölkə kimi tanıyan yalnız Türkiyə qalır. Bu gün Şimali Kipr bütün beynəlxalq əlaqələrini və digər önəmli məsələləri məhz Türkiyə üzərindən həyata keçirir.
Adadakı digər dövlət – Cənubi Kipr Respublikası digər dünya dövlətləri tərəfindən tanınır. Şimali Kiprin tanınmamasına münasibətdə isə, buranın Türkiyənin işğalı altında olduğu əsas gətirilir. Lakin, bu bəhanəni gətirənlər özləri də tarixi prosesləri dərindən bilir və başa düşür ki, Türkiyə ordusu adaya işğal məqsədiylə deyil, işğal olunaraq milli müqəddəratını itirməklə üz-üzə qalan Şimali Kipr xalqına yardım etmək, onları işğaldan azad edərək, milli varlıqlarını qoruya bilmək üçün daxil olub.
Şimali Kipr və Azərbaycan arasında əlaqələr də möhkəm dostluq münasibətlərinə söykənir. Müstəqilliyimizin bərpası illərindən iki ölkə arasında əlaqələr qurulmağa başlanılır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranır. Daha sonra bu əlaqələr genişlənərək ölkəmiqyaslı xarakter almağa başlayır. Bu gün Azərbaycan və Şimali Kipr arasında bir çox istiqamətlərdə – turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində münasibətlər var. Bu münasibətlər hər iki ölkə tərəfindən uğurla davam və inkişaf etdirilir.
Azərbaycan və Şimali Kipr arasında münasibətlər inkişaf istiqamətində davam etdirilir.
Bunu KKTC-nin Bakıdakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganerin Yenicag.az-a verdiyi eksklüziv açıqlamasından dinləyə bilərsiniz.
Həmin videonu təqdim edirik:
Həşim Səhrablı