!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu gün də qız bəyənməyə hamama gəlirlər” – “Məşədi İbad” hamamından reportaj + FOTOLAR

!Reklam – Yazi

Hələ qədim zamanlardan hamam insanların həyatında xüsusi yer tutub. İctimai hamamlardan təkcə çimib-paklanmaq yeri kimi deyil, bir növ görüş məkanı kimi də istifadə olunardı.

Qışın soyuğunda harada qızınmaq olar ?

– Hamamda!

Adam harada pak ola bilər ?

– Hamamda!

Bu sözlər 1956-cı ildə çəkilən “O olmasın, bu olsun” bədii filmindəndir. Həmin filmin hamama aid epizodları İçərişəhərdə yerləşən “Ağa Mikayıl hamamı”nda çəkilib. Məhz həmin filmdən sonra “Ağa Mikayıl hamamı” el arasında “Məşədi İbad hamamı” kimi tanınmağa başladı.

Elə budəfəki reportajımız da tarixi abidələrdən olan “Ağa Mikayıl hamamı” ilə bağlıdır. Hamam XVIII əsrdə Şamaxı sаkini Hacı Аğа Mikаyıl tərəfindən İçərişəhərin cənub-qərb hissəsində, əsas küçələrdən biri olan Kiçik Qalada tikilib və ənənələrini davam etdirərək hələ də fəaliyyət göstərir. “Ağa Mikayıl hamamı” xalq arasında “Hamamçılar məhəlləsi” adlanan ərazidə yerləşir. Hamam qabaqcıl texnologiyaların köməyi ilə yerli və xarici mütəxəssislər tərəfindən bərpa edilib. Hətta bura o hamamlardandır ki, fəaliyyət göstərdiyi gündən bəri orada alim, varlı, kasıb, fəhlə belə həmişə gəlib, çimib və paklaşıb. “Ağa Mikayıl hamamı” paytaxtımızda olan əcnəbi qonaqların yaddaşında da iz buraxan tarixi məkanlardan biridir.

Hazırda hamam işlək vəziyyətdədir və iki otaqdan ibarətdir. Memarlıq abidəsi olan hamamda 3 duş kabinəsi, xüsusi vannalar, cakuzi, quru və yaş istixana, soyunub-geyinmə kabinələri var. Bundan başqa, hamamda masaj xidməti mövcuddur. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunub. Hamamda müştərilərilərə adi və müxtəlif otlardan çay dəstgahı da təklif olunur.
Hamama daxil olan kimi öncə müşahidə edirəm. Bizə bir xanım yaxınlaşır. Adını öyrənirik: Təranə Hüseynova . O elə zənn edir ki, biz də müştəri kimi çimib, paklanmağa gəlmişik. Amma çəkiliş üçün gəldiyimizi bildirib, onunla söhbətə başlamaq üçün icazə alırıq…

– Təranə xanım, hamamın rəhbəri sizsiniz?

– Xeyr… 20 illik müştərisiyəm, ancaq bura gələndə mən də nəzarət edirəm. Bu gün hamama mən və buranın sahibinin qızı nəzarət edir.

– Sizin üçün hamam nə deməkdir?

– Hamam mənim üçün həyat, gözəl əhval-ruhiyyə, təmizlik cə enerji deməkdir. Demək olar ki, bir həftə ərzində yığdığım bütün mənfi enerjini, yorğunluğu gəlib, bu hamamda qoyub gedirəm.

– Qışın soyuğunda harada qızınmaq olar ?

Əlini əlinə vurub qəhqəhə çəkir, bir neçə saniyədən sonra söhbətə davam edir:

– Hamamda. Bu söz məşhur “O olmasın, bu olsun” filmindəndir. Onu da deyim ki, həmin film burada çəkilib. Bilirsiniz, insan burada hətta mənəvi cəhətdən təmizlənir. Keçmişdə xalqımızın məxsusi bir adəti olub. Hamamda bir-birinə kömək etmək… Cavanlar həmişə yaşlı insanları çimizdirib. O vaxtlar cavanlarımız yaşlıların başından su tökməyi özünə fəxr bilərdi. Onda duş yox idi axı, mis qablar vardı, ona da “birəlli” deyərdilər. Hamı da “birəlli” ilə çimərdi. Bu, hamamda da var ondan. Mənim aləmimdə insan kiməsə kömək, yaxşılıq edəndə mənəvi rahatlıq tapır, saflaşır. Təmiz su çirkli suları yuyub apardığı kimi, yaxşı əməl də insanın içindən pisliyi yuyub aparır.

– İndi necə, bu hamamda cavanların yaşlıları yuyundurmasına ehtiyac var?

– İnanın ki, hər həftənin bazar ertəsi bura gəlirəm. Hərdən məəttəl qalıram cavanların yaşlıları necə yuyundurmasına. Buranın işçiləri də çox yaxşı insanlardır. Onlar qocalara təmənnasız qulluq edirlər. Mən hər dəfə bura gəlib-gedəndən sonra hər cəhətdən təmizlənirəm.
Söhbətə yeni başlamışdıq ki, təxminən 5-6 qadın içəri girir. Təranə xanım söhbəti yarımçıq saxlayır, onları qarşılamağa qalxır. Xeyli söhbətdən sonra xanımlar çıxıb gedirlər. Təranə xanımsa yenidən yanımıza qayıdır. Həmin qadınların daimi müştəri olduğunu, indi isə axşama doğru gəlmək üçün vaxt aldıqlarını deyir. Biz də fürsətdən istifadə edib, söhbətimizi davam etdirdik…

– Əvvəllər hamama daha çox axın olardı. İndi də elədir?

– Hamama həmişə axın çox olub. Yenə də elədir. Hətta boxça tutub gələn yaşlı qadınlar da görürəm. Əslində, burada hərənin məxsusi “şkafı” olur. Ancaq o qadınlar hamamın küncündə öz boxçasını açır, əynini dəyişir və yenə də orada geyinirlər.

Pürrəngi çaydan bir stəkan özünə, bir stəkan da mənə süzür. Öncə çayı içir, sonra mövzunu dəyişib , söhbətə başlayır:

– Bir dəfə bura Fransadan turistlər gəlmişdi. Yuyunub çıxanda dedilər ki, “ siz çimirsiniz, biz isə su ilə oynayırıq”. Düzdür, hamının evində hamam var və gündəlik duş qəbul edirik, ancaq əsl çimməkdən söhbət gedirsə, hamamın yeri bir başqadır. Hamamda olduğumuz bir saat müddətində bura çoxlu sayda qadınlar gəldi. Hətta onların əksəriyyəti bir-biri ilə yüz ilin tanışı kimi görüşür, söhbətləşir və səmimi zarafatlar edirdilər. Hətta şəkil də çəkdirənlər də vardı. Hətta arada bizə tərəf də baxıb, pıçıldaşırdılar da…

– Keçmişdə qız bəyənmək üçün də hamama gələrdilər. Yenə o adət-ənənə davam edir?

– Bəli, o adət-ənənə davam edir (gülür)… O qədər burda bir-birinin qızını bəyənib alanlar olub ki. Məndən əvvəl də bu hamama gələnlər var ki, artıq biz birevli, qohum kimi olmuşuq. Təsəvvür edin ki, qohum qohumunu ildə bir dəfə görürsə, ancaq biz hər həftəsonu bura toplaşıb görüşürük. Hamımız bir-birimizi yaxından tanıyırıq.
Təranə xanımın telefonuna zəng gəlir. Söhbətimizə ara veririk. Deyəsən, zəng edən həyat yoldaşıdır, xanımını yaman tələsdirir… Üzünü yanındakı rəfiqəsinə tutur:

– Akifdir. Artıq çatıb, deyir ki, tez çıx…

Bizsə Təranə xanımdan 10-15 dəqiqə yubanmasını xahiş edib , söhbətə davam edirik:

– Günü-gündən qiymət artımı müşahidə edilir. Burada vəziyyət necədir?

– Hamamın qiyməti dəyişməyib və olduğu kimi də qalır. Hamama giriş 10 manatdır. Burada vaxt məhdudiyyəti də yoxdur.

Təranə xanım söhbət etdikcə, hamama göz gəzdirirəm. Buradakı qədimi əl işləri o qədər maraqlı görünür ki, adamı lap özünə cəlb edir. Sanki keçmişə baş vurursan, özünü həqiqətən də yarım əsr bundan öncə çəkilən “O olmasın, bu olsun” bədii filmində hiss edirsən.

– Əksər hamamlarda müasir standartlara cavab verən xidmətlər fəaliyyət göstərir. Burada vəziyyət necədir?

– Adətən, bu hamamın hündürlüyü adamı cəlb edir. Hamam necə lazımdırsa, o cür də tikilib. Hər tərəfində bacaları var, hündürlüyü ən azı 8 metrdir. Sulu saunası, kisə, masaj fəaliyyəti var. Rus hamamlarında olduğu kimi təbii ağaclardan istifadə olunur. Paytaxtımızda getmədiyim bəlkə də hamam yoxdur. O hamamlarda individual xidmətlər göstərilsə də, insana lazım olan sağlamlıq bizim hamamdan başqa heç bir yerdə yoxdur. Onu da deyim ki, əslində, astma xəstəliyim var deyə, mənə hamam olmaz. Ancaq mənə bura çox rahatdır.

– Məşhurlardan kimlər gəlib bu hamama?

– Hamısı… İstər müğənni, istərsə də aktyor… Hətta əcnəbi tanınmışlar da bu hamamın müştərisi olub. Sadəcə, adlarını çəkmək istəmirəm.

Təranə xanımın həyat yoldaşı ara vermədən zəng edir, onu tələsdirirdi. Söhbəti yekunlaşdırmağa məcbur olduq. Oradakı xanımlara “həmişə təmizlikdə” deyib, oradan kənarlaşdıq.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv