Bu gün Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayır.

Yenicag.az xəbər verir ki, yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraqlı tərəflərin kapitalizmi (stakeholder capitalism) olacaq.

Əvvəlcə açılışa həsr olunan mətbuat konfransı keçiriləcək, həmçinin Forumun banisi professor Klaus Şvab giriş müraciətini səsləndirəcək. Görüş zamanı dünyanı əhatə edən iki təşəbbüs irəli sürüləcək. Bunlardan biri 1 milyard insana təlim keçməyi, digəri isə 1 milyard ağac əkməyi ehtiva edir. Həmçinin forum çərçivəsində “Avrasiya Strateji Perspektivləri” adlı sessiya keçiriləcək.

Forumda 117 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Onların arasında ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və başqa rəhbər şəxsləri, Çin Dövlət Şurasının baş nazirinin müavini Han Jenq kimi nüfuzlu şəxslərin olacağı gözlənilir.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib.